2024-05-29

28 May–Müstəqillik Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib

Cari ilin 28 may tarixində Səfirlik tərəfindən 28 May–Müstəqillik Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

Qəbulda əsas qonaq qismində Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının qanunvericilik və dövlət quruculuğu üzrə daimi komissiyasının sədri Mixail Rusıy. Nümayəndələr Palatasının təhsil, mədəniyyət və elmə üzrə daimi komissiyasının sədri İqor Marzoluk, beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədr müavini Oleq Qaydukeviç, Xarici işlər nazirinin birinci müavini Serqey Lukaşeviç, BR müdafiə nazirinin silahlanma üzrə müavini -Silahlı qüvvələrin silahlanma rəisi general-mayor Andrey Fedin, Belarusda fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin təmsilçiləri, MDB Baş katibinin müavini Leonid Anfimov və İcraiyyə Komitəsinin nümayəndələri, bir sıra ali təhsil müəssisələrinin rektorları, diaspora rəhbərləri və üzvləri, Belarusda təhsil alan tələbələrimiz, KİV nümayəndələri və digərləri iştirak ediblər.

Azərbaycan və Belarus himnlərinin səsləndirilməsindən sonra səfir Məhərrəm Əliyev çıxış edərək 28 may - Müstəqillik Gününün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə öz istiqlaliyyətini  elan etməsi tarixi ilə əlaqədar olduğunu bildirib, 23 aylıq fəaliyyəti dövründə demokratik dövlət quruculuğu sahəsində mühüm addımlar atıldığını qeyd edib. M.Əliyev Azərbaycanın  bügünkü inkişafının təməlini məhz Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində qoyulduğunu, hazırda bu siyasi kursun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.1991-ci ildə müstəqilliyin bərpa olunmasından ötən dövr ərzində ölkəmizin hərtərəfli inkişaf edərək beynəlxalq arenada öz layiqliyi yerini tutduğunu bildirən səfir, cari ildə Azərbaycanın COP29 tədbirinə ev sahibi seçilməsini beynəlxalq birliyin ölkəmizə etimadının bariz nümunəsi kimi qiymətləndirib.

Səfir ötən il ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyini xatırladaraq, Azərbaycanın beynəlxalq hüququn, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmaq kursunu götürdüyünü diqqətə çatdırıb və hazırda sülh müqaviləsi üzrə danışıqların davam etdirildiyini bildirib.

Azərbaycan – Belarus münasibətlərinə toxunan M.Əliyev, ötən dövr ərzində iki ölkə arasında əlaqələrin mütərəqqi və dinamik şəkildə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Prezidentlər arasında fəal siyasi dialoqun bu əlaqələrin inkişafına daim töhfə verdiyini qeyd edib. Azərbaycan və Belarusun beynəlxalq arenada daim bir birini dəstəklədiyini qeyd edən səfir, Azərbaycanın prinsipial məsələrində Belarusun hər zaman haqlı mövqe tutmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Baş nazirin müavini İ.Pertrişenko çıxış edərək Belarusla Azərbaycan arasındakı münasibətlərin zamanın və ümumi tarixin sınağından üzü ağ çıxdığını, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb. İki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahədə əməkdaşlığın fəal inkişaf etdiyini qeyd edən İ.Petrişenko, ölkələrimizin şəhərləri və rayonları arasında birbaşa əlaqələrin də genişləndiyini diqqətə çatdırıb. O, Belarus Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində əldə olunan razılıqların bu münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edərək, 2030-cu ilədək ticarət dövriyyəsinin tədricən 1 milyard ABŞ dollarına çatdırılması, eyni zamanda ixrac və idxal axınının tarazlaşdırılması, traktorlarla yanaşı, bələdiyyə, yanğınsöndürmə və digər texnikaları, həmçinin Belarus liftlərininin, Azərbaycan azotundan və belarus kaliumundan qarışıq gübrələrin birgə istehsalı ilə bağlı razılaşmalar əldə olunduğunu diqqətə çatdırıb.

Baş Nazirin müavini ilk dəfə türk dövlət başçısı olmayan bir prezidentin-A.Lukeşenkonun Qarabağa, Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Şuşaya səfərini yüksək qiymətləndirib, işğaldan azad olunmuş ərazilərin bərpasında da Belarusun əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Sonda ölkəmizin dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini və cari ildə COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini qeyd edərək, Azərbaycan diplomatiyasının uğurlarının Belarusda sevinclə qarşılandığını əlavə edib.

Tədbirin bədii hissəsində Belarus Dövlət Filarmoniyasının Kvartet qrupunun ifasında Azərbaycan, eləcə də dünya klassiklərinin musiqiləri səsləndirilib, “Qafqaz” rəqs qrupunun ifasında milli rəqs nümunələri və ölkəmizin mədəniyyətini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub.

    

Tədbirdə ölkəmizin mədəniyyətini, turizm potensialını, eləcə də işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi, eləcə də Azərbaycan Ticarət Evinin təşkilatçılığı ilə milli məhsullarımızdan ibarət guşə  təşkil olunub.

 

 

 

 

 

Arxiv üzrə axtarış