QAYIDIŞ ŞƏHADƏTNAMƏSİNİN VERİLMƏSI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşı pasportun etibarlıq müddəti başa çatdığı və ya yararsız vəziyyətə düşdüyü halda aşağıdakı sənədləri təqdim etməlidir:
- aydın və səliqəli şəkildə doldurulmuş ərizə-anket;
- etibarlılıq müddəti başa çatmış və ya yararsız vəziyyətə düşmüş pasportun əsli və surəti;
- 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi bileti, sürücülük vəsiqəsi və ya şəxsiyyətini və vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
- Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmamış və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
- 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz;
Vacib! Ərizəçidə göstərilən sənədlərdən hər hansı birinin olmadığı təqdirdə, onun şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətinə sorğu edilməklə müəyyən edilir.
Vacib! Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi, yalnız ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olduğunu təsdiq edən məlumatlar məlum olduqdan sonra rəsmiləşdirilir.