ÜMUMVƏTƏNDAŞ PASPORTLARININ RƏSMİLƏŞDİRİLMƏSİ QAYDALARI
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. Nəzərə alınmalıdır ki, yeni ümumvətəndaş pasportlarının əldə edilməsi 3 (üç) ayadək davam edə bilər.
- 18 yaşı tamam olmuş şəxslərə yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;
- ümumvətəndaş pasportunun əsli və surəti;
- şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- 2 ədəd 3x4 ölçüdə fotoşəkil (anket üçün);
- konsulluq qeydiyyatı haqqında anket;
- dövlət rüsumunun (25 ABŞ dolları) Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz
- 18 yaşı tamam olmamış şəxslər üçün yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:
- ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;
- doğum haqqında şəhadətnamənin əsli və surəti;
- yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizələri;
- hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri) və nikah haqqında şəhədətnamələri;
Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir:
- bir yaşınadək uşaqlar üçün - 10 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
- on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat
Ümumvətəndaş pasportlarının itirilməsi, oğurlanması, dolması, korlanması və ya məlumat dəyişikliyi ilə əlaqədar yenidən verilməsinə görə əlavə olaraq 10 manat miqdarında dövlət rüsumu ödənilməlidir;
Vacib! Ümumvətəndaş pasportu itirildikdə və ya oğurlandıqda hüquq mühafizə orqan tərəfindən həmin faktı təsdiq edən arayışın əsli təqdim edilməlidir;
Vacib! 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir.
Vacib! Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirildikdən sonra köhnə pasport Səfirliyə təhvil verilməlidir.