KONSULLUQ QEYDİYYATI
AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞLARININ KONSULLUQ QEYDIYYATI
Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilir.
Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına götürülməsi, həmvətənlilərimizə aşağıda qeyd olunan yardımın göstərilməsinə imkan yaradır:
- Azərbaycan Respublikasından kənarda olan zaman həmvətənlilərimizlə əlaqə saxlamaq, təxirəsalınmaz hallarda onlara konsulluq yardımı göstərmək;
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlər itdiyi və ya oğurlandığı halda, onların Azərbaycan Respublikasına geri qayıtmasını asanlaşdırmaq;
- xarici ölkə daxilində immiqrasiya məsələləri ilə bağlı digər hüquqi və konsulluq yardımını göstərmək;
- Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə məlumatlandırmaq,
- Azərbaycanda baş verən hadisələr və xəbərlərlə tanış etmək.
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınması ödənişsiz yerinə yetirilir.
Belarus Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının Səfirliyin konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:
- Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat vərəqəsi (nümunə);
- Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası ümumvətəndaş pasportu;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Azərbaycan Respublikası vətəndaşının Belarus Respublikasında daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti;
- Vətəndaşın qeydiyyata alınmaq barədə Diplomatik nümayəndəliyə yazılı müraciəti.
Belarus Respublikasında müvəqqəti yaşayan (3 aydan artıq), işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşının Səfirliyin konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:
- Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat vərəqəsi (nümunə);
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surəti;
- Azərbaycan Respublikası vətəndaşının Belarus Respublikasında müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti;
- Vətəndaşın qeydiyyata alınmaq barədə Diplomatik nümayəndəliyə yazılı müraciəti.
Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Belarus Respublikasında müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) kserosurətləri Səfirliyə təqdim edilməlidir.