20 Yanvar faciəsinin 34-cü ildönümü Səfirlikdə anılıb
19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Tədbirdə Belarusda fəaliyyət göstərən “Azəri” Moqilyov vilayəti ictimai birliyi, “Vətən” Bobruysk şəhəri ictimai birliyi, “Ocaq” Qomel vilayəti ictimai birliyi, “Qobustan” mədəni marifləndirmə cəmiyyəti, Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyi və onun Polotsk və Bobruysk regional bölmələrinin rəhbərləri və nümayəndələri, azərbaycanlı tələbələr iştirak etmişdir.
Tədbirdə vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra səfir M.Əliyev çıxış edərək, xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsindən öncə cərəyan edən proseslər haqqında danışmış, xüsusilə 1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra, Azərbaycanda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən “yaşıl işıq” yandırıldığını vurğulamışdır. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından və etnik təmizləmə siyasətindən danışan səfir, M.Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən Bakıda törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat vermişdir.
Faciənin üzərindən 34 il keçməsinə baxmayaraq, mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq ictimaiyyət tərəfindən siyasi-hüquqi qiymətin verilmədiyini, bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyinin bilavasitə məsuliyyət daşıdığını, onun sifarişçiləri və icraçılarının cəzalandırılmalı olduğunu vurğulamışdır.
Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini iştirakçıların diqqətinə çatdıran səfir, onun layiqli davamçısı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərimizin qisasının döyüş meydanında alındığını, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini qeyd etmişdir.
Həmçinin səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər təşkil edilmiş, film nümayiş olunmuş və tədbirin sonunda şəhidlərimizin ruhuna ehsan süfrəsi açılmışdır.
20 Yanvar faciəsi ilə bağlı Səfirliyin press-relizi Belarus Respublikasının Xarici İşlər Nazirliyi, digər ölkələr və beynəlxalq təşkilatların burada akkreditə olunmuş nümayəndəlikləri və kütləvi informasiya vasitələri arasında yayılmışdır.