2023-04-30

Belarusda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib

Azərbaycanın Belarusdakı səfirliyin təşkilatçılığı ilə Belarus Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.

Konsertdə əsas qonaq qismində Belarusun Baş nazirinin müavini, Belarus-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri İqor Petrişenko, eləcə də Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin rəisi İqor Sekreta, Xarici işlər nazirinin müavini İqor Nazaruk, Müdafiə nazirinin müavini Andrey Juk, Hərbi Hava Qüvvələri komandanı Andrey Lukyanoviç, Parlamentinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx və bir sıra digər komissiya sədrləri, deputatlar, Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, dövlət nümayəndələri, dini qurumların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbələr və jurnalistlər iştirak etdilər.

İştirakçılar konsert proqramından əvvəl filarmoniyanın foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair geniş fotosərgi ilə tanış olublar.

Səfir Ülvi Baxşəliyev konserti giriş sözü ilə açaraq, görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və xidmətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Səfir Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu qeyd edərək, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu vurğulayıb.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olduğunu diqqətə çatdırıb.

Ü.Baxşəliyev ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığını söyləyib. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardığını, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldığını, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdiyini vurğulayıb.

Səfir Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, milli neft strategiyasının uğurla reallaşdırılmasının Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olduğunu qeyd edib. Milli dövlətçilik ənənələrinin yaranması və inkişafında, demokratik cəmiyyətin formalaşmasında müstəsna xidmətləri olan Ulu Öndərin ideyalarının ölkəmizin keçmişinin, bu gününün və gələcəyinin əsasını təşkil etdiyini qeyd edən səfir, Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Sonra Belarusun Baş nazirinin müavini, Belarus-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri İqor Petrişenko çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərinə toxunub. Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Sovetinin sədr müavini olduğu dövrdə gördüyü işlərdən danışaraq, o illər ərzində xüsusilə Belarusa göstərdiyi diqqəti, ümumiyyətlə Azərbaycan və Belarus arasındakı münasibətlərin möhkəmlənməsi və inkişafındakı rolunu vurğulayıb.

Əsası Ümummilli lider tərəfindən qoyulmuş bu münasibətlərin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edərək, hazırda Belarus Prezidenti A.Lukaşenko və İ.Əliyev arasındakı dost münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb.

Daha sonra Belarus Parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədr müavini Tenqiz Dumbazde çıxış edərək vaxtilə Ulu Öndərlə şəxsən görüşdüyündən, onun Azərbaycanın siyasi, iqtisadi, mədəni quruculuğunda və bütün dünya azərbaycanlılarının Azərbaycançılıq ideyası ətrafında birləşməsində əvəzsiz rolundan bəhs edib.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin məhz Ulu Öndərin səyləri nəticəsində əldə olunduğunu vurğulayıb.

Çıxışlardan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarovun rəhbərliyi və solist Vurğun Vəkilovun iştirakı ilə Belarus Dövlət Akademik Simfonik Orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Arxiv üzrə axtarış