Minskdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyində anım mərasimi - matəm konserti keçirilib.
Səfirliyin önündə soyqırımını əks etdirən bannerlər asılıb, foyedə fotosərgi təşkil olunub.
Tədbirdə Belarus Azərbaycan İcmaları Konqresi, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldəki “Ocaq”, Moqilyovdadakı “Azəri”, Bobruyskdakı “Vətən” cəmiyyətlərinin rəhbərləri və üzvləri, eləcə də Belarus Dövlət Tibb Universiteti, Belarus Dövlət Universiteti, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus FHN-in Mülki Müdafiə Universitetində təhsil alan azərbaycanlı tələbə və kursantlar iştirak ediblər.
Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Səfir Ülvi Baxşəliyev çıxış edərək, ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə məlumat verib. O, Xocalı qətliamının Ermənistanın I Qarabağ müharibəsi dövründə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu söyləyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisi üzərinə ağır hərbi texnika yeritdiyini, onlara misli görünməmiş qəddarlıqla divan tutduğunu, şəhəri barbarcasına yerlə-yeksan etdiyini xatırladıb.
Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçılarının Ermənistanın siyasi və dövlət rəhbərliyi, birbaşa icraçılarının isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti olduğu vurğulanıb.
Səfir Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında olduğunu söyləyib, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun da müstəsna rolunu qeyd edib. Bildirib ki, Fondun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası fəaliyyətə başlayıb. Kampaniyanın sistemli fəaliyyətinin nəticəsidir ki, 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı, insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edib.
Ü.Baxşəliyev, həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu il fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf bölgələrində baş verən dəhşətli zəlzələdən dərhal sonra dövlət başçımızın tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrindən ibarət heyət Türkiyəyə yola salınıb, ardınca müvafiq humanitar yardımlar göndərilib. Qardaş Türkiyə xalqına dəstək məqsədilə nəinki ölkə daxilində, hətta onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da səfərbər olub. Səfir Belarusdakı Azərbaycan diasporuna qardaş ölkəyə humanitar yardımlar göndərdiyinə görə təşəkkür edib.
Daha sonra Belarus Dövlət Filarmoniyasının Kvartet qrupunun ifasında matəm konsert proqramı keçirilib.