2022-12-22

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 45-ci iclasına dair mətbuat məlumatı

21 dekabr 2022-ci il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 45-ci iclası keçirilib.

 QDİƏT-in Fəaliyyətdə olan Sədri, Moldovanın xarici işləri Nicolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.

 İclasda çıxış edən nazir müavini Fariz Rzayev tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səylər, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi, Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirilməsi, regional təhlükəsizlik və digər məsələlərə dair Azərbaycanın mövqeyini iştirakçıların diqqətinə çatdırıb.   

 Azərbaycanın QDİƏT-in Mədəniyyət, İnformasiya və Kommunikasiya Texnologiyaları, İnstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib. Ölkəmizin eyni zamanda, 2023-cü ilin 1 yanvar tarixindən etibarən 2 il müddətinə (2023-2024) QDİƏT-in Turizm üzrə Əməkdaşlığa dair İşçi Qrupunda əlaqələndirici-ölkə rolunda çıxış edəcəyi diqqətə çatdırılıb.

 İclasın yekununda protokol və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyaya təhvil verilib.

Arxiv üzrə axtarış