2022-12-16

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik korpusun nümayəndələri üçün keçirilmiş brifinqə dair

15 dekabr tarixində Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

 Brifinq zamanı, nazir C.Bayramov Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyasına səbəb olan vəziyyətin hələ də aradan qaldırılmadığını diqqətə çatdırıb.

Nazir Azərbaycanın Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymadığını, hərəkətin əvvəlki qaydalarla tənzimləndiyini diqqətə çatdırılıb. Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqlarına dair müvafiq açıqlamaların verildiyi bildirilib.

Mövcud vəziyyətin guya humanitar böhrana səbəb ola biləcəyi barədə iddiaların həddən artıq şişirdirildiyini qeyd edən nazir, Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazır olduğunu diqqətə çatdırıb.

 Nazir C.Bayramov Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı barədə məlumat verib. Bu xüsusda, istər Laçın yolunun tikintisi, istərsə də Sərsəng su anbarından istifadə ilə bağlı atılan birgə addımlar çərçivəsində yerli erməni sakinlərlə təmaslardan bəhs edilib.

Görüşdə cari ilin 3 dekabr tarixindən aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıldığını, əldə olunmuş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib.

 Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb.

 Çıxış zamanı, Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibət bildirən Nazir sözügedən ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını brifinq iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, hər hansı bir texniki nasazlıq şəraitində də, əvvəllər olduğu kimi problemin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin dialoqa hazır olduğunu diqqətə çatdırıb.

 Nazir C.Bayramov ölkəmizin ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətini məhz Üçtərəfli bəyanatın icrasına, o cümlədən Laçın yolundan istifadənin Ermənistan tərəfindən kobud və açıq şəkildə pozulmasına yönəltdiyini bildirib. O, Ermənistanın Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə edilməsindən, habelə bundan irəli gələn mövcud mina təhlükəsinin ağır nəticələrindən bəhs edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulayıb.

Azərbaycan tərəfindən məsələ ilə əlaqədar detallı informasiyanın verilməsinə baxmayaraq, bəzi ölkələrin XİN-ləri tərəfindən verilən reaksiyaların qərəzli olduğunu vurğulayan nazir bu kimi addımların mövcud problemlərin həllinə istiqamətlənmədiyini, əksinə Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin qanunsuz istismarını davam etdirmək istəyənləri cəsarətləndirdiyini diqqətə çatdırıb.

 Nazir, Azərbaycan ərazisində yerli erməni sakinlərin reinteqrasiyası naminə Azərbaycan tərəfindən təşviq edilən addımların dəstəkləməsinə çağırış edib.

 

Arxiv üzrə axtarış