2022-11-08

Minskdə Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib

 

8 noyabr 2022-ci il tarixində Belarusun paytaxtı Minsk şəhərində “Minsk Marriott Hotel”ində Azərbaycan Respublikasının Zəfər Günü ilə əlaqədar qəbul keçirilib.

Belarus tərəfindən tədbirdə əsas qonaq qismində Belarus parlamentinin Nümayəndələr Palatası Şurasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx iştirak edib.

Ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi və tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününün əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Səfir bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin və qəhrəmanlarımızın əziz xatirəsinin dərin ehtiramla yad edildiyini vurğulayıb.

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanat əsasında hərbi əməliyyatlara son qoyulduğunu xatırladaraq, Azərbaycanın münaqişəni hərbi-siyasi yolla həll etdiyini, Qarabağ münaqişəsinin arxada qaldığını və tarixə çevrildiyini diqqətə çatdırıb. Xalqımızın humanist və sülhsevər xalq olduğunu qeyd edən diplomat beynəlxalq hüququn prinsiplərinə, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi əməl olunması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdığına diqqət çəkib.

Diplomat Azərbaycan ilə Belarus arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində qurulduğunu, rəsmi Minskin hər zaman ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyini diqqətə çatdıraraq, ölkəmizin regionda davamlı və uzunmüddətli sülhün əldə edilməsində maraqlı olan bütün dövlətlərin səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Müharibə başa çatdıqdan sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası üçün həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verən Ü.Baxşəliyev həmin torpaqlarda enerji təchizatının tam bərpa edildiyini, müharibə başa çatdıqdan sonra bu ərazilərimizdə tikilmiş ikinci aeroport - Zəngilan Beynəlxalq Hava Limanının bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışının olduğunu və bu ilin may ayında “Ağıllı kənd”in ilk pilot layihəsinin artıq ilk məcburi köçkünlərin geri qayıtdığı Zəngilanda salındığını, Şuşa şəhərində artıq bir neçə beynəlxalq tədbirin keçirildiyini və Böyük Qayıdış proqramına başlanıldığını qeyd edib.

Səfir noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini vurğulayaraq, milli suverenliyimizin rəmzi və dövlətçiliyimizin müqəddəs atributlarından biri olan Dövlət Bayrağımızın bu gün Azərbaycanın hər yerində dalğalanmasının sevindirici və qürurverici olduğunu bildirib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Belarus parlamentinin Nümayəndələr Palatası Şurasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə intensiv inkişaf etdiyinə toxunaraq, Minsklə Bakı arasında qarşılıqlı fəaliyyətin həmişə müsbət və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və etimada əsaslandığını bildirib. Azərbaycan Respublikasının iqtisadiyyatının günü-gündən güclənməsinin ölkəmizin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılmasına imkan verdiyini söyləyib.

Tədbir çərçivəsində, eyni zamanda, “Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları” kitabının təqdimatı da keçirilib. Kitab 1941-1945-ci illərdə Belarusun azadlığı uğrunda döyüşərək həlak olmuş azərbaycanlılara həsr edilib.

Arxiv üzrə axtarış