2022-06-02

Müstəqillik günü ilə əlaqədar keçirilən rəsmi qəbul

Azərbaycan Belarus üçün son dərəcə vacib tərəfdaşdır.

Bu fikri Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən “Minsk Marriott Hotel”də 28 May - Müstəqillik günü ilə əlaqədar keçirilən rəsmi qəbulda çıxışı zamanı Belarus Baş nazirinin müavini İqor Petrişenko söyləyib.

"Azərbaycan iqtisadiyyatını inkişaf etdirir, dövlətçiliyini möhkəmləndirir və beynəlxalq aləmdə rolunu artırır. Bir sözlə, ölkə öz rəhbərinin göstərdiyi kursla inamla irəliləyir. Biz də səmimi dostlar kimi sizin uğurunuza sevinirik", - deyə İqor Petrişenko əlavə edib.

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev 104 yaşını qeyd edən Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir məhz 1993-cü ildə xalqın təkidi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu, ölkəmizdə sabitliyin təmin edildiyini, siyasi, iqtisadi, eləcə də digər sahələrdə çox ciddi islahatların aparıldığını və Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıb. Son illər ərzində ölkəmizdə bütün sahələr üzrə əldə edilmiş nailiyyətlər, o cümlədən beynəlxalq və regional layihələr barədə məlumat verilib.

Səfir müstəqilliyimizin bərpasının ilk illərində ərazisinin bir hissəsinin işğalı kimi ölkəmizin böyük çətinliklərlə üzləşdiyini qeyd edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində Zəfərindən danışıb və ölkəmizin öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını yerinə yetirdiyini diqqətə çatdırıb.

Azərbaycan və Belarus münasibətləri barədə də məlumat verən səfir bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində qurulduğunu qeyd edib.

Qəbulda Belarusda fəaliyyət göstərən diplomatik korpusun, Belarusun dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin, parlamentin və MDB İcraiyyə Komitəsinin nümayəndələri, KİV təmsilçiləri, diaspora rəhbərləri, Belarusda təhsil alan tələbələrimiz iştirak ediblər.

Tədbirin bədii hissəsində UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvü azərbaycanlı rəssam Nərminə Nəcəfovanın “Azərbaycanın yeddi baharı” adlı rəsm sərgisi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, Belarus Dövlət Filarmoniyasının kvartet qrupunun ifasında Azərbaycan və dünya klassiklərinin musiqiləri səsləndirilib, ölkəmizin mədəniyyəti, təbiəti, turizm imkanları və Şuşanın gözəllikləri haqqında videoçarxlar nümayiş olunub.

 

Arxiv üzrə axtarış