2021-11-09

Azərbaycanın Zəfər bayramı Minskdə təntənəli şəkildə qeyd edilib

Minskdə Azərbaycanın Belarusdakı səfirliyinin və hərbi attaşe aparatının təşkilatçılığı ilə Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Belarusun dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, diplomatik korpusun rəhbərləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Belarusun Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Ülvi Baxşəliyev Azərbaycanın 30 ilə yaxın müddətdə torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanıldığını, ölkəmizin münaqişənin sülh yolu ilə həll olunmasına çalışdığını, lakin Ermənistanın danışıqlar prosesində sərgilədiyi qeyri-konstruktiv mövqeyinin, təxribatlarının və yeni ərazi iddiaları ilə çıxış etməsinin bu prosesin uğurla nəticələnməsini tamamilə imkansız etdiyini bildirib.

Ülvi Baxşəliyev deyib ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, dinc sakinlərimizin təhlükəsizliyinin təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi.

Səfir vurğulayıb ki, Vətən müharibəsi dövründə Ermənistan Azərbaycanın şəhərlərini və mülki obyektlərini raketlərlə atəşə tutub, nəticədə mülki şəxslər həlak olub, yaşayış evləri dağılıb.

Ülvi Baxşəliyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin güclü iradəsi və Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində Qarabağ problemi həmişəlik həll olunub.

Səfir Vətən müharibəsində qazanılmış Qələbənin regionda yeni reallıqlar yaratdığını, dayanıqlı sülh və sabitlik üçün əlverişli şərait formalaşdırdığını, işğaldan azad olunmuş ərazilərimizdə sürətli təmir-bərpa işlərinin aparıldığını bildirib. O qeyd edib ki, cəmi 8 ay ərzində tikilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, daha iki aeroportun tikilməsi üçün isə işlər görülür. Həmçinin “Ağıllı kəndlər” salınır, avtomobil və dəmir yolları tikilir. Çox qısa zamanda Şuşaya aparan Zəfər yolunun çəkilişi tamamlanıb.

“Dövlət başçımızın müdrik siyasəti, igid oğullarımızın qəhrəmanlığı, xalqımızın birliyi sayəsində qazanılan Zəfərimiz əbədi olsun”, - deyə səfir əlavə edib.

Səfir, həmçinin qeyd edib ki, noyabrın 8-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib və çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacib olduğunu söyləyib.

Belarus Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Andrey Savinnıx Azərbaycanın regionda güclü iqtisadiyyata malik bir ölkə olduğunu deyib. Tranzit yollarının açılmasının və iqtisadi əlaqələrin qurulmasının regionda uzunmüddətli sülhə yardım edəcəyini vurğulayıb.

A.Savinnıx Belarus və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədiyini söyləyib.

Tədbirin qeyri-rəsmi hissəsində Belarus Dövlət Filarmoniyasının kvarteti Azərbaycan və dünya klassik musiqilərini ifa edib, “Qafqaz əfsanələri” rəqs qrupu Azərbaycanın milli rəqslərini oynayıblar. Belarusda yaşayan məşhur azərbaycanlı müğənni Günəş Abbasova və Lamiyə Albabayevanın oxuduğu mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Həmçinin tədbir çərçivəsində Vətən müharibəsinə və Azərbaycanın inkişafına, tarixinə aid foto və kitab sərgisi təşkil edilib.

Arxiv üzrə axtarış