2021-11-18

Belarusda azərbaycanlı hərbi pilot Fərrux Qayıbovun büstü açılıb

Belarusun Qrodno vilayətinin Oşmyan rayonunun Baruni kəndində ilk azərbaycanlı hərbi pilot Fərrux Qayıbovun büstünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, büstün açılış mərasimində Oşmyan rayonunun icra hakimi Vladislav Qeşqorin, Fərrux Qayıbovun qardaşı nəvəsi Həmidə Qayıbova, Belarus Müdafiə Nazirliyinin nümayəndələri, ölkəmizin Belarusdakı səfiri Ülvi Baxşəliyev, səfirliyin əməkdaşları, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbir “İlya Muromeç-16” hərbi təyyarəsinin ekipaj üzvlərinin - Fərrux Qayıbovun, Mitrofan Raxminin, Dmitri Makşeyevin və Oleq Karpovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra çıxış edən səfir Ülvi Baxşəliyev “İlya Muromeç-16” hərbi təyyarəsinin ekipaj üzvlərindən birinin Azərbaycan xalqının qəhrəman oğlu Fərrux Qayıbovun olduğunu böyük qürur hissi ilə söylədiyini vurğulayıb. Fərrux Qayıbovun hərbi xidmətdə olduğu illərdə çoxsaylı orden və medallarla təltif edildiyini bildirib. Ölümündən sonra Fərrux Qayıbovun 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunduğunu qeyd edib. Göstərdiyi qəhrəmanlıq və şücaətə görə Fərrux Qayıbovun insanların yaddaşına əbədi həkk olunduğunu söyləyib. 2009-cu ildə “İlya Muromeç-16” hərbi təyyarəsinin düşdüyü yerdə ekipaj üzvlərinin xatirəsinə abidənin qoyulduğunu bildirib. Elə həmin yerdə Fərrux Qayıbovun büstünün qoyulmasına göstərilən köməyə görə Qrodno vilayətinin və Oşmyan rayonunun rəhbərliyinə təşəkkürünü ifadə edib.

Ü.Baxşəliyev qeyd edib ki, keçirilən tədbir ən çətin zamanlarda düşmənə qarşı böyük şücaətlə mübarizə aparan qəhrəmanların adlarının Azərbaycan və Belarus xalqları tərəfindən unudulmadığını bir daha göstərir. Ortaq tariximizin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün belə tədbirlərin keçirilməsi çox vacibdir.

Tədbirdə Fərrux Qayıbovun qardaşı nəvəsi Həmidə Qayıbova çıxış edərək, qəhrəmanımızın adının öz ailəsində böyük hörmətlə və qürurla yada salındığını bildirib. Belarusda Azərbaycan qəhrəmanına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. H.Qayıbova Fərrux Qayıbovun büstünün qoyulmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdiyini söyləyib.

Oşmyan rayonunun icra hakimi Vladislav Qeşqorin Belarusun Birinci və İkinci Dünya müharibələri qəhrəmanlarının xatirəsinin qorunmasına böyük önəm verdiyini bildirib. Dünya müharibələri zamanı azərbaycanlı qəhrəmanların Belarus ərazisində gedən döyüşlərdə böyük şücaət göstərdiklərini vurğulayıb.

Səfirliyin hərbi attaşelik aparatının rəhbəri Elşən Rəhimov Belarusun azad olunmasında və müdafiəsində Azərbaycanın minlərlə oğul və qızının döyüşdüyünü söyləyib. O, F.Qayıbovun keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə ətraflı məlumat verib.

Büstün açılışından sonra ekipaj üzvlərinə qoyulmuş abidəyə və Fərrux Qayıbovun büstü önünə əklil və gül dəstələri qoyulub. Tədbir büstün qoyulduğu ərazidə yerləşən məktəbdə iştirakçıların çıxışları ilə davam edib.

Sonda “İlya Muromeç-16” hərbi təyyarəsinin ekipaj üzvlərinin dəfn olunduğu məzarlıq ziyarət olunub və məzarlar üzərinə gül dəstələri qoyulub.

Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.

https://azertag.az/xeber/1927746

 

Arxiv üzrə axtarış