Minskdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı Səfirliyində yığıncaq keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Səfir Lətif Qəndilov əməkdaşlar qarşısında çıxış edərək, daim xalqının yanında olan, qəlbi vətən sevgisi, milli ruhla döyünən dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin beynəlxalq aləmdə nüfuzu və müasir Azərbaycan tarixindəki rolu, xalqımız qarşısında misilsiz xidmətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, Ulu Öndər bütün həyatı boyu dövlətinə və xalqına xidmət edərək milli kimlik və mənsubiyyətini hər bir şeydən üstün tutub.
Səfir Ümummilli Liderin təşəbbüsü ilə irəli sürülən və müəllifi olduğu beynəlxalq əhəmiyyətli regional iqtisadi layihələrin Azərbaycanın hərtərəfli inkişafında və dünya iqtisadiyyatına inteqrasiyasında xüsusi rolunu qeyd edib. O, ulu öndər Heydər Əliyevin neft strategiyası və uzaqgörən siyasəti sayəsində Azərbaycanın dünyanın layiqli bir dövlətinə çevrildiyini bildirib.
Dövlətimizin ərazi bütövlüyünün bərpası, suverenlik və müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev tərəfindən əsası qoyulmuş və uzun dövr üçün nəzərdə tutulmuş müdrik siyasətin 2020-ci ildə zəfərlə başa çatdığını vurğulayıb. Təməli Ulu Öndər tərəfindən qoyulmuş uzaqgörən və qətiyyətli belə siyasət sayəsində, hazırda Azərbaycan müstəqil, heç bir dövlətdən asılı olmayan, özü-özünü təmin edən və hörmət olunan bir dövlətdir.
Səfir bildirib ki, Azərbaycan xalqının otuz il ərzində həsrətində olduğu işğal altındakı torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də, məhz, əzəli Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin təntənəsi və məntiqi nəticəsidir.