2021-04-08

Belarus və Azərbaycan respublikaları ticari-iqtisadi əməkdaşlıqda yüksək potensiala malikdirlər

Belarusun Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla iki ölkə arasındakı ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. AZƏRTAC bu barədə BELTA-ya istinadla xəbər verir.

“Mən Belarus-Azərbaycan münasibətlərinin inkişafındakı iştirakınıza görə Sizə təşəkkür etmək istərdim. Sizin kadensiyanız müddətində artıq beşinci ildir ki, əməkdaşlıq fəal inkişaf edir, görüşlər və səfərlər baş tutur. Təəssüf ki, keçən il pandemiya bizə bir qədər mane oldu, lakin hətta bu şəraitdə belə ölkələrimiz arasında ticarət dövriyyəsi 447 milyon dollar təşkil edib”, - deyə İqor Petrişenko bildirib.

O, iki dövlətin ticari-iqtisadi əməkdaşlıq, maşınqayırma, inşaat, eləcə də enerji sektorunda yüksək potensiala malik olduğunu vurğulayıb. “Neft tədarükü ilə bağlı müəyyən problemlərimiz yarandıqda, Azərbaycan bizə dostluq dəstəyi göstərdi, sıx qarşılıqlı fəaliyyət yarandı”, - deyən Baş nazirin müavini qeyd edib ki, SOCAR şirkəti “Belneftekhim” konserni ilə birlikdə qısa müddətdə logistikanı işləyib hazırladı.

“Həmçinin ümid edirik ki, Gəncə Avtomobil Zavodunun kooperasiya plasdarmımız qarşılıqlı fəaliyyət dinamikasını bərpa edəcək. Biz bu layihənin yeni nəfəs almasını və bütün gücü ilə işləməsini istəyirik”, - deyən İqor Petrişenko Belarusun Bakı metropoliteni üçün qatar tədarük etməyə hazır olduğunu da əlavə edib.

İstehsal kooperasiyası və təchizatla yanaşı, kənd təsərrüfatı sahəsində də qarşılıqlı əlaqələr fəal inkişaf edir. “Məhsullarımız Azərbaycan bazarında özünü yaxşı tanıdıb. Xüsusilə, istehlakçılar Belarus süd məhsullarını çox sevirlər. Biz buna görə minnətdarıq və markanı saxlamağa çalışırıq”, - deyə İqor Petrişenko qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, Belarus ilə Azərbaycan səhiyyə və əczaçılıq sahələrində qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdirlər.

Baş nazirin müavini Belarus ilə Azərbaycan arasında təhsil, kadr hazırlığı sahəsində əməkdaşlığa hazır olduğunu da bildirib.

Arxiv üzrə axtarış