Belarusun xəbər portalında 31 mart soyqırımı ilə bağlı məqalə dərc olunub
Azərbaycan xalqı 1918-ci ilin 31 martında baş verən soyqırımının qurbanlarının xatirəsini anır. Azərbaycan 103 ildir bu günü kədərlə xatırlayır. Azərbaycanlıların doğma torpaqlarında kütləvi qətli, qırğınlar, repressiya və qovulma faktları XX əsrin faciəli səhifələrindən biri hesab edilə bilər. Tarixdə Azərbaycan torpaqlarında "böyük Ermənistan" yaratmaq fikri ilə alovlanan erməni şovinizminin izi aydın görünür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovun ölkənin “belprauda.com” xəbər portalında dərc edilən məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, XX əsrin əvvəllərində Rusiyada konstitusiya monarxiyası uğrunda inqilabi hərəkat başladı və 1905-1907-ci illərdə Bakı da daxil olmaqla bütün imperatorluqda inqilab dalğası ilə sona çatdı. Bu proseslərdən bəhrələnən ermənilər azərbaycanlılara qarşı Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Cavanşir və Qazax şəhərlərində kütləvi şəkildə qırğınlar törətdilər və onları bu ərazilərdən qovdular. Hələ 1905-1906-cı illərdə ermənilər İrəvan və Gəncə əyalətlərindəki 200 azərbaycanlı kəndini və Şuşa, Cəbrayıl, Zəngəzur bölgələrindəki 75 kəndi məhv etdilər.
O dövrdə baş verənləri geniş təhlil edən səfir məqaləsində vurğulayır ki, 1918-ci ilin martında azərbaycanlıların soyqırımı, 1992-ci ildə Xocalıda törədilən soyqırımı ilə yanaşı, Azərbaycan tarixindəki ən qanlı hadisələrdən biri idi. Gördüyümüz kimi, 1918-ci ildə və 1990-cı illərin əvvəllərində baş verən hadisələr bir-birinə çox oxşayır və bu, 250 il ərzində Azərbaycan xalqına qarşı həyata keçirilmiş düşünülmüş uzunmüddətli plandır.
Vətən müharibəsində qazandığımız tarixi Qələbədən bəhs edən səfir vurğulayıb ki, erməni tərəfinin ötən il sentyabrın 27-də növbəti təxribatından sonra Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını həyata keçirdi və ərazi bütövlüyünü bərpa etdi.