2021-02-03

Brest qalası uğrunda döyüşən azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi məsələsi müzakirə edilib

Brest qalasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş azərbaycanlı qəhrəmanların adları xatirə plitələrinə yazılmalı və şəkilləri muzeydə asılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov “Brest Qala-Qəhrəman” Memorial Kompleksinin direktoru Qriqori Bısyukla görüşdə söyləyib.

Görüş zamanı səfir muzeyin direktorundan alman faşistlərinin SSRİ-yə hücumunun 80 illiyi ilə əlaqədar tədbir keçirilənədək azərbaycanlı qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi işinin sürətləndirilməsini xahiş edib.

L.Qəndilov bildirib ki, Brest qalasının müdafiəsində çox sayda azərbaycanlı iştirak etsə də, onlarla bağlı rəsmi olaraq yalnız bir fakt məlumdur. Brest qalasında xatirə plitələrinin üzərində adı yazılmış və muzeydə şəkli qoyulmuş yeganə həmyerlimiz Haqverdiyev Xalid Qəmzə oğludur.

Bununla əlaqədar 2017-ci ildən başlayaraq səfirlik muzeydə dəfələrlə görüşlər keçirib və burada döyüşən digər azərbaycanlılar barədə araşdırmalar aparıb. Muzeyin plitələrində 7 ermənin adının olması səfirlikdə sual doğurub. Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Brest qalasının tarixini yazan Sergey Smironovun məsləhətçilərindən biri burada cəmi iki gün döyüşmüş Samvel Motivasyan olub. O, xatirə plitələrinin üzərinə 7 erməninin adının yazılmasında böyük rol oynayıb. Brest qalasından bir qədər aralıda guya 200 erməninin burada döyüşdüyünə dair xatirə xaçkarı qoyulub.

Bununla əlaqədar səfirlik və səfirliyin hərbi attaşeliyi ölkəmizin arxivlərində araşdırma aparıb, nəticədə 44 azərbaycanlının bu qalada döyüşdüyü barədə məlumat əldə edib. Görüşdə mədəniyyət ocağının rəhbərliyindən onların şəklinin asılması və xatirə plitəsinin üzərinə adlarının yazılması üçün muzey tərəfindən böyük araşdırmaların aparılması istənilib.

Hələlik səfirlik tərəfindən Brest qalasında döyüşən Daniyal Abdullayev, Nəsir İsgəndərov və Ağamirzə Nəzərov barədə daha ətraflı məlumat toplanaraq muzeyə təqdim edilib. Səfirliyin ilkin məlumatına görə, 1941-ci ildə yeni çağırışçılarla birlikdə Brest qalasında 80 azərbaycanlının olduğu güman edilir.

Səfir 3 qəhrəmanımızın adının xatirə plitələrində yazılması ilə bağlı hazırlıq işlərinin müharibənin başlanmasının 80 illiyi ilə bağlı tədbir keçirilənədək başa çatdırılmasını xahiş edib.

Muzeyin rəhbərliyi bu istiqamətdə işləri sürətləndirəcəklərinə söz verib.

Arxiv üzrə axtarış