Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Belarusun xarici işlər naziri Vladimir Makey Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat xidmətindən bildiriblər.
Tərəflər qarşıdakı ali və yüksək səviyyələrdə ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər.
Ticari-iqtisadi əməkdaşlığa və onun 2020-ci ildə yekunlarına xüsusi diqqət ayrılıb. COVID-19 koronavirusunun yayılmasının qarşısının alınması istiqamətində iki ölkədə görülən tədbirlər barədə məlumat mübadiləsi aparılıb.
Görüşdə, həmçinin 2021-ci ildə xarici siyasət qurumlarının əməkdaşlığının gündəliyində duran məsələlər, o cümlədən müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət də müzakirə edilib.
Görüşün yekunlarına əsasən Belarus-Azərbaycan strateji əməkdaşlığının siyasi, ticari-iqtisadi və humanitar sahələrdə bundan sonrakı inkişafı ilə bağlı tədbirlər müəyyən edilib.