Belarus Milli Dövlət Teleradio Şirkətinin sədri Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Milli Dövlət Teleradio Şirkətinin sədri İvan Eysmont ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən son hadisələr barədə ətraflı məlumat vermək, məsələ ilə əlaqədar Belarusun televiziya kanallarında yayımlanan bir sıra materiallar ətrafında fikir mübadiləsi aparmaq olub. Görüşdə yerli televiziyada efirə verilən materiallarda Dağlıq Qarabağın və münaqişənin tarixi ilə bağlı bəzi məqamların Belarusun rəsmi mövqeyi ilə üst-üstə düşmədiyi qeyd olunub.
Səfir bildirib ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumu ilə ölkəmizə qarşı növbəti təcavüz aktı başlayıb və Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirləri bölgədə yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlib.
L.Qəndilov bildirib ki, sentyabrın 27-də başlayan müharibə 2016-cı, 2018-ci və 2020-ci illərdəki hadisələrin davamıdır. Belə ki, Ermənistanın əsas məqsədi mütəmadi olaraq Azərbaycanı təxribata çəkmək, beynəlxalq aləmdə Azərbaycanla bağlı çaşqınlıq yaratmaq, status-kvonu saxlamaq və Azərbaycanı beynəlxalq ictimaiyyətin təzyiqi ilə Dağlıq Qarabağı tanımağa məcbur etməkdir. Ona görə də Belarus ictimaiyyətinin obyektiv məlumatlandırılması bizim üçün çox vacibdir.
İ.Eysmont cavabında yayımlanan materialların təsadüf olduğunu və təəssüf doğurduğunu bildirib. O, Belarusun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib.