Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
Azərbaycanın Belarusdakı səfirliyində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Belarus Azərbaycan İcmaları Konqresi”nin və “Qobustan” cəmiyyətinin üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən fotosərgi və Xocalı hadisələrinə dair nəşr olunmuş ədəbiyyatla tanış olublar.
Anım mərasimi Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək, ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verib. L.Qəndilov 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımılarından biri olduğunu söyləyib. Səfir bildirib ki, Azərbaycanda o zaman olan özbaşınalıq, xaos və idarəetmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə dövlət, ordu və nizam-intizam yaradılıb, parlament bu faciəyə siyasi qiymət verib və 26 fevral tarixi Xocalı soyqırımı günü kimi elan edilib. Ulu Öndərimiz bu məsələ ilə bağlı xarici siyasətin istiqamətini müəyyənləşdirib və Prezidentimiz İlham Əliyev tərəfindən həmin siyasətin gerçəkləşdirilməsi sayəsində dünyanın 5 dövləti, 10 ölkənin parlamenti, 2 beynəlxalq təşkilat və ABŞ-ın 21 ştatı Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi qəbul edib.
Səfirin sözlərinə görə, məqsədyönlü işlər nəticəsində erməni təbliğatı tam alt-üst edilib, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu və dövlətimizə qarşı ağır cinayət törədildiyi beynəlxalq ictimaiyyətə çatdırılıb. Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığına dair imzalanmış sənəd, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin tarixi çıxışı buna əyani sübutdur. Artıq dünyada Dağlıq Qarabağın işğal edildiyinə və Xocalıda soyqırımı törədildiyinə heç kimdə şübhə yeri qalmayıb. Bütün bunlar yaxın gələcəkdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminlik yaradır. Ordu quruculuğu sahəsində ölkə başçısı tərəfindən görülən işlər isə hərbi əməliyyatlara başlanıldığı təqdirdə, torpaqlarımızın qısa zamanda azad olunmasına zəmanət verir. Belə şəraitdə bizim başlıca məsələmiz başlanılmış islahatların davam etdirilməsinə dəstək üçün sabitliyin qorunması və dövlətin başçısı ətrafında sıx birləşməkdir.
Sonra Azərbaycanın Belarusdakı hərbi attaşesi E.Rəhimov çıxış edərək, hazırda Azərbaycanın mütəşəkkil, qüdrətli, hər bir an torpaqlarımızı düşməndən azad etməyə qüdrətli ordusunun olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Ombudsmanının, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatı və səfirlik tərəfindən hazırlanmış press-reliz Belarus Xarici İşlər Nazirliyinə, Belarusda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara, mətbuat orqanlarına paylanılıb.