2019-10-16

Belarusda keçirilən beynəlxalq forumda Ermənistanın işğalçılıq siyasəti pislənilib

Belarusda “Uçurumun kənarından geri çəkilmək” mövzusunda “Minsk Dialoqu-2019” Beynəlxalq Forumu keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində “Gələcəkdə təhlükəsizlik üçün yeni fikirlər” adlı yekun plenar iclas keçirilib.

Plenar iclasda Rusiyadan, Kanadadan, ABŞ-dan, Ukraynadan və Polşadan olan ekspertlərlə yanaşı, Ermənistanın Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan da iştirak edib. Paneldə Ermənistan nümayəndəsinin iştirakını və təşkilatçılar tərəfdən azərbaycanlı məruzəçinin salınmadığını və mövzunun əhəmiyyətini nəzərə alaraq səfirlik sözügedən tədbirdə iştirak etməyə qərar verib. A.İskəndəryan dünyanın siyasi sisteminin tamamilə dəyişdiyini nəzərə alaraq, “Versal” Sülh müqaviləsi, Yalta konfransı və Helsinki Yekun Aktı ilə əldə olunmuş razılaşmalarla və müəyyən olunmuş prinsiplərlə artıq münaqişələrin həll olunmasının qeyri-mümkünlüyünü qeyd edərək yeni yaranmış reallıqlar şəraitində günümüzə uyğun prinsiplər və formaların yaradılmasının vacibliyinə toxunub.

A.İskəndəryan bölgədə mövcud olan münaqişələrin əvvəlki formalar və prinsiplərlə həll olunmasının qeyri-mümkünlüyünü deyib. O, həmçinin yeni yaranmış kiçik ölkələrə böyük dövlətlərə yanaşılan prizmadan baxmağın düzgün olmadığını qeyd edib.

Səfir Lətif Qəndilov iclasın sual-cavab hissəsində söz alaraq bildirib ki, bütün münaqişələrin həllində bərabər prinsiplərdən və formalardan istifadə olunmalıdır. “Ölkələr istər böyük olsun, istərsə kiçik, onlara münasibət eyni olmalıdır. Ermənistan ekspertinin fikri kökündən yanlışdır. Yeni prinsiplər yoxdursa, yalnız mövcud hüquqi bazaya əsaslanılmalıdır və bu da ədalətlidir. Ukrayna və Polşa ekspertləri də çıxışlarında bu mövqeni təsdiq etdiklərinə görə onlara da öz təşəkkürümü bildirirəm. BMT-nin nizamnaməsində yazılıb ki, kiçik və böyük dövlətlər yoxdur, bütün dövlətlər qanun qarşısında bərabərdirlər. Əgər biz bu prinsiplərə inanmırıqsa, Beynəlxalq Millətlər Təşkilatı gərək öz fəaliyyətini dayandırsın. Nə qanunun üzərində, nə də qanunun altında heç bir dövlət olmamalıdır. Əgər bu prinsiplərə riayət olunmasa, biz heç nəyə nail ola bilməyəcəyik”, - deyə L.Qəndilov əlavə edib.

Səfir “Minsk Dialoqu” çərçivəsində Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvilinin çıxışında qeyd etdiyi “Gürcüstan problemi olmasaydı, Ukrayna problemi də olmazdı” fikrini xatırladaraq bildirib ki, daha əvvələ gedərək Dağlıq Qarabağ problemi olmasaydı, Moldova, Gürcüstan və Ukrayna problemləri də olmazdı: “Əgər müasir dünya bu gün bu problemləri görməsə, yalnız ona lazım olan məqamlara fikir versə, o zaman biz bu gün olduğumuz kimi uçurumun kənarında olacağıq. Biz hamımız dünyada gedən proseslərdən görürük bir haqsızlığa icazə verildiyi zaman arxasınca növbəti haqsızlıq baş verir. Sizi əmin edirəm ki, Dağlıq Qarabağda başlayan və Moldovaya, Gürcüstana, Ukraynaya keçən bu məsələlərə fikir verilməsə, problemlər bütün Avropaya yayılacaq”.

L.Qəndilov bütün dünyada milli məsələlərin həll olunma formasının ərazi bütövlüyü çərçivəsində millətlərin öz müqəddəratını həlletmə prinsipinin olduğunu vurğulayaraq deyib: “Bunu etmək üçün 1 milyon azərbaycanlı qaçqın olmalıdır? Bəs azərbaycanlı qaçqınların hüquqlarını kim qoruyacaq? Mən özüm də ermənilərin işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərindənəm. Mən də qaçqınam, bəs mənim hüquqlarımı və haqlarımı kim qoruyacaq? Bütün bu məqamlara fikir verilməsə, Qarabağ problemi kimi yeni münaqişələr yaranacaq. İraq, Liviya və Suriyaya dair BMT-də qəbul olunmuş qətnamənin mürəkkəbi qurumadan artıq təyyarələr bu ölkələrdəki terrorçuların qərargahlarını bombalayırdı. Necə olur ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə dair BMT-nin 4 qətnaməsinin qəbul olunmasından keçən uzun müddət ərzində heç bir nəticə əldə olunmayıb. Daha hansı prinsiplər lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunsun? Əgər bu məsələ həll olunmasa, Azərbaycan xalqı növbəti 26 ilə dözməyəcək. O zaman böyük münaqişə başlaya bilər, buna ehtiyac varmı? Sivil dünya mövcud olan bütün prinsiplərdən istifadə edərək bu münaqişənin həllinə nail olmalıdır”.

Arxiv üzrə axtarış