Azərbaycanın Belarusdakı Səfirliyi tərəfindən diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə qəbul keçirilib (FOTO)
Azərbaycanın Belarusdakı Səfirliyi tərəfindən diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə qəbul keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, qəbulu çıxış nitqi ilə açan səfir Lətif Qəndilov 28 aprel 1920-ci ildə endirilmiş Azərbaycan bayrağının 1991-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən yenidən yüksəldiyini söyləyib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Heydər Əliyev regiondakı vəziyyəti və tarixi təcrübəni nəzərə alaraq, Azərbaycanın xarici siyasətini balanslaşdırılmış və çox vektorlu kimi müəyyən edib. Bunun əsas fəlsəfəsi Azərbaycan ətrafında xoş atmosferin yaradılması, dost ölkələrin toplanılması və sayının artırılmasından ibarətdir. Azərbaycan xarici siyasətinin əsas prinsipləri bütün ölkələrlə qarşılıqlı maraq, hörmət və başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi müəyyənləşdirilib.
Qeyd olunmalıdır ki, Prezident İlham Əliyev bütün bu siyasəti hazırda uğurla davam etdirir və dünyada gedən proseslərlə əlaqədar zəruri hallarda müəyyən dəyişikliklər edir.
Səfir bildirib ki, ölkələrin coğrafi mövqeyi onların geosiyasətini müəyyənləşdirir. Azərbaycanda bunu nəzərə alaraq, öz xarici siyasətini mühüm enerji, nəqliyyat və iqtisadi layihələr üzərindən qurur. Beləliklə, xarici siyasətin əsas istiqamətləri iqtisadi layihələr vasitəsilə həyata keçirilir. Səfir Azərbaycanın ərazilərinin 20%-ni işğal edən Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı etimad və mehriban qonşuluq siyasətinə sadiq qalındığını bildirərək qeyd edib ki, reallaşdırılan bütün layihələrdə Azərbaycan tək özünün deyil, tərəfdaş ölkələrin də maraqlarını nəzərə alır. Azərbaycan Şərqlə Qərb arasında təbii körpü olduğu üçün həm Şərq, həm də Qərb mədəniyyətinin elementlərini özündə birləşdirir. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Konfransı Təşkilatı, həm də Avropa institutlarına daxildir. Məhz buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə dinlərarası, sivilizasiyalararası və mədəniyyətlərarası məsələlərlə bağlı artıq illərdir ki, Beynəlxalq Humanitar Forum, “Bakı Prosesi” çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi bir çox beynəlxalq tədbirlər keçirilir. 11 ildir ki, “Bakı Prosesi” çərçivəsində dünyanın tanınmış siyasət və dövlət xadimləri dünyanı narahat edən mühüm məsələləri müzakirə edir və bu da ölkəmizin artan etibarının və nüfuzunun göstəricisidir.
L.Qəndilov Azərbaycanın xarici siyasətində mühüm yer tutan Belarusla iqtisadi və humanitar sahədə də əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edib. Səfir bildirib ki, Azərbaycan ilə Belarus arasında münasibətlərin qarşılıqlı maraqlara və faydalılığa əsaslanan yeni tipi formalaşmışdır. İkitərəfli münasibətlərdə iqtisadi inteqrasiya və qarşılıqlı kooperasiya əsas götürülür. Artıq Azərbaycan və Belarusun üçüncü dövlətlərin bazarına birgə məhsulla çıxdığı vurğulanıb. Azərbaycan və Belarus Prezidentləri arasında dostluq münasibətləri xalqlarımız arasında birlik və bərabərliyin rəmzinə çevrilib. Belarusda yaxın zamanda II Avropa oyunlarının keçiriləcəyini qeyd edən səfir bu tədbirin böyük idman bayramına çevriləcəyini söyləyib.
Belarus Respublikasının Baş Nazirinin müavini Vladimir Dvornik çıxış edərək, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb.
V.Dvornik Belarusun alman faşist işğalından azad olunmasında 20 mindən çox Azərbaycanlının şəhid olduğunu və onların 7 nəfərinin isə Sovet İttifaqı qəhrəmanı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının yüksək iqtisadi inkişaf tempi ilə güclənən dövlət olduğunu bildirib. Qafqazda əsas logistika və nəqliyyat mərkəzi olan Azərbaycanın beynəlxalq arenada bərabərhüquqlu və nüfuzlu iştirakçıya çevrildiyini qeyd edib. Ölkə rəhbərləri səviyyəsində münasibətlərin yaxınlığı əməkdaşlıq məsələlərinə də töhfə verdiyini söyləyib. Azərbaycan Respublikasının Prezidentinin II Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədi ilə Belarusa səfər edəcəyi qeyd olunub.
Tədbirdə Belarus parlamentinin çox saylı deputatları, komitə sədrləri, hökumət orqanlarının və ictimaiyyətin nümayəndələri, Belarusda səfərdə olan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və onun müavini Əli Nağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş sədri Fərhad Məmmədov, Belarus Respublikasının Xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin çoxlu sayda rəhbərləri və əməkdaşları, Belarusda yaşayan azərbaycanlılar və Minsk şəhərində təhsil alan tələbələr iştirak ediblər.
Tədbirdə klassik Azərbaycan musiqisi Belarus Dövlət Filarmoniyasının musiqiçiləri tərəfindən səsləndirilib, "Sarı gəlin" musiqisi ifa olunub və “Qafqaz Əfsanələri” qrupu tərəfindən Azərbaycan rəqsinin nümunələri təqdim olunub və alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə keçirilmiş qəbul Belarusun sb.by və belta.by internet səhifələrində (https://www.belta.by/politics/view/dlja-azerbajdzhana-vazhno-razvitie-vsestoronnego-sotrudnichestva-s-belarusjju-gandilov-349910-2019/ , https://www.sb.by/articles/posol-belarus-i-azerbaydzhan-sovmestno-vykhodyat-na-mezhdunarodnye-rynki.html ) geniş işıqlandırılmışdır.
Xatırladaq ki, 28 may Respublika günü münasibəti ilə Belarus Dövlət Filarmoniyasında professor Yalçın Adıgözəlovun dirijorluğu altında Belarus Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan klassik musiqilərinin səsləndiyi konsert də keçirilmişdir.