Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Minskdə konsert təşkil edilib
Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirin aparıcısı Azərbaycan haqqında xoş sözlər söyləyərək bildirib ki, qardaş və dost xalq ölkəsi olan Azərbaycan qədim musiqi diyarıdır və Belarusun alman faşist işğalından azad olunmasında 20 mindən çox azərbaycanlı iştirak edib, onların 8 nəfəri isə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb.
Konsertin açılışında çıxış edən səfir Lətif Qəndilov 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası ilə bağlı məlumat verib və bildirib ki, ADR cəmi 23 ay mövcud olub, lakin Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını həyata keçirə bilib. Gənc Azərbaycan diplomatiyasının səyi nəticəsində 1919-cu ildə Millətlər Liqası tərəfindən ADR-in Paris Sülh Konfransında de-fakto tanınmasına nail olunub.
Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçib. Keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası bütün dünyaya ölkəmizin işğala məruz qaldığını və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu çatdırıb və erməni yalanlarını alt-üst edib. L.Qəndilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin, xüsusən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olduğunu bildirərək, bu gün əsərləri səsləndiriləcək bəstəkarlardan Ü.Hacıbəylinin, F.Əmirovun və Niyazinin əslən Şuşa şəhərindən olduğunu söyləyib.
Səfir Azərbaycanın musiqi tarixi barədə tamaşaçılara geniş məlumat verərək qeyd edib ki, Azərbaycan xalqı dünya musiqisinə böyük töhfə verib və sağlığında klassik sayılan Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və Niyazi kimi 4 bəstəkar yetişdirib. Həmçinin Azərbaycan xalqının dünya vokal sənətinə Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev və Polad Bülbüloğlu kimi dahi sənətkarlar bəxş etdiyini və adları çəkilən sənətkarların da əksəriyyətinin əslən “Azərbaycanın konservatoriyası” adlandırılan Şuşa şəhərindən olduğunu qeyd edib. Səfir bildirib ki, heç bir xalq, o cümlədən Azərbaycan xalqı da özünün mədəniyyət və incəsənət beşiyi olan torpaqlarının başqa dövlət tərəfindən işğal olunması ilə razılaşmayacaq və ən yaxın zamanda Dağlıq Qarabağı işğaldan azad edəcək.
Səfir müstəqilliyimizin bərpasından keçən 28 il ərzində ölkəmizin böyük yol keçərək beynəlxalq hüququn müstəqil subyektinə, dünya birliyinin hörmət edilən layiqli dövlətinə çevrildiyini bildirib. Təqdim olunan konsertlə əlaqədar səfir qeyd edib ki, musiqinin öz dili var və bütün musiqilər məxsus olduğu xalqın xarakterini və xüsusiyyətlərini özündə tərənnüm edir. Bu baxımdan konsertdə təqdim olunan əsərlərdə Azərbaycan xalqının mübarizə əzmi, sevgisi musiqi dili ilə tamaşaçılara çatdırılacaq.
Belarusun xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko çıxış edərək 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Konsertdə Belarusun dövlət, hökumət orqanlarının və ictimaiyyətin nümayəndələri, Belarusda səfərdə olan Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və onun belaruslu həmkarı Pyotr Mikloşeviç, ölkədə fəaliyyət göstərən Amerika, İngiltərə, İsveçrə, İsveç, Polşa, Özbəkistan, Almaniya, Estoniya səfirliklərinin rəhbərləri və əməkdaşları, Belarusda yaşayan azərbaycanlılar və Minsk şəhərində təhsil alan tələbələr, o cümlədən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Belarusda təhsil alan kursantları iştirak ediblər.
Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə keçirilən konsertdə Belarus Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Niyazi, Fikrət Əmirov və Rauf Hacıyevin, Belarus bəstəkarı Yevgeni Qlebov və bəstəkar Aleksandra Paxmutovanın əsərləri səsləndirilib. Bundan başqa, konsertdə Azərbaycanın Əməkdar artisti Nərgiz Kərimovanın ifası tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.
Konsertdə təqdim olunan musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.