Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi Belarusda qeyd edilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ölkəmizin Belarusdakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə səfirliyin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini yad ediblər.
Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə məlumat verib. Bildirilib ki, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən və parçalanmaqdan qurtarıb, yeni dövlət yaradaraq onun gələcək onilliklər üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib. Səfir Ulu Öndərin həyatının 4 dövründən (Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövr, Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövr, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini olduğu dövr və müstəqil Azərbaycanı qurduğu dövr) danışaraq daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyətin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev işlədiyi hər bir yerdə dövlətinə və xalqına xidmət edərək milli kimlik və mənsubiyyətini hər şeydən üstün tutub.
Qeyd edilib ki, müstəqilliyimizin bərpası məhz sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni və digər sahələrdə yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində gördüyü işlər nəticəsində mümkün olub. Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycanda yüksək vəzifələrdə işlədiyi dövrlərdə milli şüurun dirçəlişi məsələsinə ciddi fikir verib və milli ruhun oyanmasında xidmətləri olan şəxsləri hər zaman qoruyub. Ulu Öndər Azərbaycanın mədəniyyətinin və incəsənətinin hələ o zamanlar dünyada tanınması üçün ciddi işlər görüb. Rəsul Rza, Qara Qarayev, Rəşid Behbudov və Bəxtiyar Vahabzadəyə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adların verilməsini təmin edib. Cəfər Cabbarlı, İmadəddin Nəsimi, Nəriman Nərimanov və Mehdi Hüseynzadəyə Bakı şəhərində möhtəşəm abidələrin qoyulmasına nail olub. Azərbaycan bütün SSRİ-də aparıcı respublikalardan birinə çevrilib.
Bu baxımdan, səfir ulu öndər Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını onun Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri kimi qiymətləndirib. Azərbaycanın müstəqil siyasi xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu Heydər Əliyev tərəfindən təməli qoyulmuş möhkəm bünövrə üzərində qurulub və bu gün də uğurla davam etdirilir. Ulu Öndərin yeni neft strategiyasından danışan səfir bildirib ki, Ümummilli Liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki gələcək uzun dövr üçün yerini müəyyənləşdirib. Qədim İpək Yolunun bərpasını və TRACECA nəqliyyat dəhlizi layihəsini gündəmə gətirməklə Azərbaycanı Şərqlə Qərb arasında mühüm nəqliyyat mərkəzinə çevirib. Reallaşdırılan neft-qaz və nəqliyyat layihələri bir tərəfdən Azərbaycanı nəqliyyat və enerji mərkəzinə çevirib, digər tərəfdən ölkəmizin müstəqilliyinin təmin olunmasına xidmət edib. Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən siyasi və iqtisadi strategiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrildiyi və xalqımızın maddi rifahının yüksəlməsini təmin etdiyi bildirilib.
Belarusda təhsil alan azərbaycanlı tələbə, gənc şair Məhəmməd Turan çıxış edərək ulu öndər Heydər Əliyevin həyatının bütün azərbaycanlılar, o cümlədən gənclərimiz üçün nümunə olduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də yaradıcı insanları hər zaman diqqət mərkəzində saxlayıb.
Minsk şəhərində fəaliyyət göstərən azərbaycanlıların “Qobustan” cəmiyyətinin sədri Baxşı Qəndərov çıxışında xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının formalaşmasında Ulu Öndərin böyük rolu olduğunu bildirib.
Azərbaycanın Belarusdakı hərbi attaşesi Elşən Rəhimov tədbir iştirakçılarına Ulu Öndərin ordu quruculuğu sahəsindəki xidmətləri və Azərbaycan Ordusunun bugünkü imkanları, gücü, o cümlədən 2016-cı ilin Aprel döyüşləri barədə məlumat verib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.