Belarusda MDB İcraiyyə Komitəsinin mənzil-qərargahında Mehdi Hüseynzadəyə həsr olunan tədbir keçirilib
Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycanın Belarusdakı səfirliyi MDB İcraiyyə Komitəsinin mənzil-qərargahında əfsanəvi kəşfiyyatçı-partizan Mehdi Hüseynzadəyə həsr olunan “Uzaq sahillərdə” filminin nümayişini təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski açaraq tədbirin Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə təşkil olunduğunu bildirib. O qeyd edib ki, bu, bizim ümumi qələbəmizdir. Keçmiş SSRİ-nin bütün xalqları Qələbənin əldə olunması üçün böyük qurbanlar verib. Bu Qələbə bizim üçün çox əzizdir. Viktor Quminski bu gün daha bir Sovet İttifaqı Qəhrəmanını tanıyacaqlarına görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.
Səfir Lətif Qəndilov çıxış edərək tədbir iştirakçılarına Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyat və döyüş yolu barədə geniş məlumat verib. Qeyd olunub ki, Mehdi Hüseynzadə Stalinqrad uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq əsir düşüb, 3 dəfə əsirlikdən qaçmağa cəhd edib və sonda buna nail olaraq Yuqoslaviya partizan hərəkatına qoşulub. Mehdi Hüseynzadənin Yuqoslaviya Xalq Azadlıq Ordusu cərgələrində döyüş yolu uzun müddət Sovet İttifaqının geniş ictimaiyyətinə məlum olmayıb. Yuqoslaviyanın o dövrdə rəhbəri olmuş İosip Broz Tito SSRİ-yə səfəri zamanı Stalinə Yuqoslaviya partizan hərəkatında qəhrəmanlıqla döyüşmüş qafqazlı Mehdi Hüseynzadənin qəhrəmanlıqları barədə məlumat verdikdən sonra onun döyüş yolu ilə bağlı araşdırma aparmaq o zamanlar Azərbaycan SSR-in Dövlət Təhlükəsizliyi Komitəsində çalışan Heydər Əliyevə həvalə edilib. Səfir bildirib ki, aparılan araşdırmaların nəticəsi olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 11 aprel tarixli əmri ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1959-cu ildə Həsən Seyidbəylinin və İmran Qasımovun ssenarisi əsasında M.Hüseynzadənin qəhrəmanlığına həsr olunmuş “Uzaq sahillərdə” bədi filmi çəkilib. 1972-ci ildə Bakı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əfsanəvi kəşfiyyatçı-partizan M.Hüseynzadəyə möhtəşəm abidə ucaldılıb.
Səfir bildirib ki, xalqımız Böyük Vətən müharibəsində həlak olanların xatirəsini hər zaman hörmətlə anır. Qələbənin əldə olunmasında Azərbaycan xalqı 400 mindən çox oğul və qızlarını itirib.
Diplomat dəvəti qəbul edərək gəldiklərinə görə tədbir iştirakçılarına, MDB İcraiyyə Komitəsinin əməkdaşlarına və Belarusda akkreditə olunmuş səfirlərə təşəkkürünü bildirib.
Tədbirdə nümayiş olunan “Uzaq sahillərdə” filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonra filmlə bağlı müzakirələr aparılıb.