Belarusda Azərbaycan Milli Qəhrəmanının ailəsinin problemi həll olunub
Ölkəmizin Belarusdakı səfirliyi Azərbaycanın Milli Qəhrəmanının Slutsk şəhərində yaşayan anasının yaranan problemlərini həll edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomatlarımız 1992-ci ildə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Anatoli Davidoviçin doğum günü münasibətilə onun Slutsk şəhərində yaşayan anası Kima Davidoviçi ziyarət edən zaman bir sıra problemlər qaldırılıb.
Qəhrəmanın anası ilə görüşdə qaldırılmış məsələlər səfirliyin təşəbbüsü ilə həll olunub. Belə ki, Belarusun bank sistemində edilmiş dəyişikliklər nəticəsində Kima Andreyevnanın təqaüd almasında yaranmış problemlər səfirliyin müdaxiləsi, ölkəmizin və Belarusun müvafiq orqanlarına müraciətindən sonra aradan qaldırılıb.
Səfirliyin əməkdaşları qarşıdan gələn Pasxa bayramından sonra qəhrəmanımızın məzarını bir daha ziyarət edəcəklər.