2019-04-16

Azərbaycanın belaruslu qəhrəmanının anasının sosial problemləri həll edilib

Bu ilin mart ayının 31-də Azərbaycanın Belarusdakı səfirliyinin əməkdaşları 1992-ci ildə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Anatoliy Nikolayviç Davidoviçin doğum günü münasibəti ilə Slutsk şəhərində yaşayan anası – Kima Andreyevna Davidoviçi ziyarət ediblər. Görüş zamanı qəhrəmanın yaxınları ilə birgə onun məzarına gül qoyulub, xatirəsi yad edilib, ziyafət təşkil olunub.

Azərbaycanın Belarusdakı səfirliyindən Trend-ə verilən məlumata görə, qəhrəmanın anası ilə görüşdə qaldırılmış bir sıra məsələlər səfirliyin təşəbbüsü ilə həll olunub. Belə ki, Belarus Respublikasının bank sistemində edilmiş dəyişikliklər nəticəsində Kima Andreyevnanın təqaüd almasında yaranmış problemlər səfirliyin müdaxiləsi, ölkəmizin və Belarusun müvafiq orqanlarına müraciətindən sonra aradan qaldırılıb.

Səfirliyin əməkdaşları qarşıdan gələn Pasxa bayramından sonra Belarusların mərhum qohumlarını ziyarət etdiyi Radonitsa günü Kima Andreyevna Davidoviçlə birgə qəhrəmanımızın məzarını bir daha ziyarət edəcəklər.

Arxiv üzrə axtarış