31 mart soyqırımının ildönümü Minskdə də qeyd edilib
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi Azərbaycan İcmaları Konqresinin və “Qobustan” ictimai təşkilatının üzvləri və Belarusda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anım mərasimi təşkil edib. AZƏRTAC xəbər verir ki, səfirliyin foyesində 31 mart soyqırımı ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitablar və materiallardan ibarət sərgi nümayiş etdirilib.
Mərasimin iştirakçıları 31 mart soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra səfir Lətif Qəndilov çıxış edərək XIX-XX əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri barədə məlumat verib. O bildirib ki, Rusiya ilə İran arasında imzalanmış 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin nəticəsi olaraq əzəli Azərbaycan torpaqlarında erməni vilayəti yaradılıb və ermənilərin İrandan, Türkiyədən kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində tarixi Azərbaycan torpaqlarında indiki Ermənistan dövləti yaradılıb. Torpaqlarımıza yerləşən ermənilər ilk gündən “böyük Ermənistan” ideyası ilə xalqımıza qarşı etnik təmizləmə siyasətinə başlayıblar. Səfir 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında məlumat verərək bildirib ki, bunun davamı olaraq bolşevik bayrağı altında daşnak birləşmələri 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və Qarabağ bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər və on minlərlə insanı evlərindən didərgin salıblar. Ermənilər Sovet İttifaqının dövründə də xalqımıza qarşı soyqırımı siyasətini davam etdirib, 1948-1953-cü illərdə hazırkı Ermənistan ərazisindən 300 minə yaxın azərbaycanlının deportasiya olunmasına nail olublar və 1988-1989-cu illərdə xalqımıza qarşı başlanmış hərbi təcavüz nəticəsində bir milyondan çox soydaşımızı Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş digər rayonlarından zorla qovublar.
L.Qəndilov xalqımızın başına bu qədər fəlakətlərin gəlməsinin unutqanlığımızdan və milli dövlətçiliyimizin olmaması səbəbindən irəli gəldiyini bildirib və qeyd edib ki, uzun illər beynəlmiləlçilik ideologiyası adı ilə xalqımızın qan yaddaşı unutdurulub. O, gələcəkdə bu fəlakətlərin təkrarlanmaması üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il martın 26-da imzalanmış, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Fərmanı böyük tarixi hadisə kimi qiymətləndirib. Bununla da Ermənistanın beynəlxalq ictimaiyyəti aldatması prosesinə son qoyulub.
Səfir bildirib ki, bizim artıq güclü dövlətimiz və bu dövləti qoruya biləcək ordumuz var. Dövlətimizin və ordumuzun gücü bizə deməyə əsas verir ki, işğal olunmuş bütün ərazilərimiz yaxın vaxtlarda Azərbaycan dövlətinin nəzarəti altına qaytarılacaq. Bunun üçün tələb olunan yeganə şərt milli birliyimizin qorunması və ölkə rəhbərliyinin ətrafında sıx birləşməyimizdir.
Tədbirdə Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək xalqımızın başına gətirilən faciələrin təkrarlanmaması üçün xaricdə yaşayan soydaşlarımıza, xüsusən gənc nəslin nümayəndələrinə baş verənləri dərindən öyrənməyi tövsiyə edib.
Tədbir zamanı iştirakçılara səfirliyin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı pres-reliz paylanılıb. Sonda tədbir iştirakçılarına 31 mart soyqırımına aid iki sənədli film nümayiş etdirilib. Səfirlik, həmçinin martın 30-da Belarusun Qrodno şəhərində bu şəhərdə yaşayan həmvətənlərimizin və burada təhsil alan çoxsaylı tələbələrimizin iştirakı ilə anım mərasimi keçirib. Tədbirdə səfir Lətif Qəndilov və Belarus Azərbaycan İcmaları Konqresinin Qrodno filialının rəhbəri Əziz Vəliyev çıxış edərək 1918-ci il soyqırımı barədə iştirakçılara məlumat veriblər. Səfirliyin birinci katibi Cavid İbayev və ikinci katibi Ceyhun Məmmədov tədbirdə iştirak ediblər.
Səfirlik 31 mart soyqırımı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin, insan hüquqları müvəkkilinin bəyanatlarını və səfirliyin pres-relizini Belarus Xarici İşlər Nazirliyinə və bu ölkədə fəaliyyət göstərən diplomatik korpusa göndərib.