İrina Akuloviç: Azərbaycana səfərim zamanı gördüklərim məndə çox xoş təəssüratlar yaradıb
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov BELTA informasiya agentliyinin baş direktoru İrina Akuloviçlə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan-Belarus diplomatik münasibətlərinin 25 illiyi münasibətilə çap olunmuş kitabın ərsəyə gəlməsində böyük rolu olan İrina Akuloviçə təşəkkür edib. O, kitabın BELTA informasiya agentliyinin təqdim etdiyi məlumatlarla daha da zənginləşdiyini söyləyib.
Səfir siyasi reallıqların cəmiyyətdə düzgün təbliğ olunmasında, fikirlərin, zövqlərin, milli mənafelərin formalaşmasında və gənc nəslin tərbiyəsində informasiya agentliklərinin böyük rolunun olduğunu vurğulayıb. O, BELTA informasiya agentliyinin bu sahədə çox uğurla çalışdığını və səfirlik əməkdaşlarının öz iş günlərini BELTA-nı oxumaqla başladıqlarını bildirib.
İ.Akuloviç Azərbaycanda AZƏRTAC və Trend informasiya agentlikləri ilə yaxından əməkdaşlıq etdiklərini bildirib. O, 2018-ci ildə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini xatırladıb. Baş direktor bu səfərdən çox xoş xatirələrlə qayıtdığını və Bakı şəhərinə yenidən getməyi arzuladığını söyləyib. O, Azərbaycanda olduğu müddətdə əhalinin rifah halı üçün böyük işlər görüldüyünün, sabitliyin təmin olunduğunun və Bakı bulvarında vətəndaşların gecələr rahat və sərbəst şəkildə istirahət etdiklərinin şahidi olduğunu bildirib, paytaxtımızın gözəllikləri ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Səfir ölkəmizlə bağlı söylədiyi xoş sözlərə görə İ.Akuloviçə təşəkkür edib, Bakıda keçiriləcək beynəlxalq tədbirlərə onun yenidən dəvət olunacağını deyib. Əməkdaşlıqdan razılığını bildirən L.Qəndilov Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış kitabı və gümüş xatirə nişanını baş direktora təqdim edib.