Belarus FHN-in Mülki Müdafiə Universitetində məzunların buraxılış mərasimi keçirilib
Belarusun Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində məzunların buraxılış mərasimi keçirilib. Bu il 499 məzun universiteti bitirərək diplom alıblar. Diplom alan məzunlardan 36-sı Azərbaycan vətəndaşıdır.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, universitetin buraxılış mərasimində Belarusun Fövqəladə Hallar naziri Vladimir Vaşenko, nazir müavinləri, Universitetin rektoru İvan Polevoda, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, Azərbaycan FHN-in kadrlar idarəsinin rəisi Hikmət Osmanov, Tacikistanın bu ölkədəki səfiri M.Xakdod və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər. Mərasimdə səfir Lətif Qəndilov çıxış edərək məzunları diplom alaraq vətənə xidmət etməyə başlamaları münasibətilə təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, universitetdə aldıqları bilik və təcrübə gələcək işlərində onlara kömək olacaq. Buna görə də Universitetdə onlara təlim və təhsil vermiş müəllim-professor heyətinə, onları buraya oxumağa göndərən dövlətimizə hər zaman minnətdar olmalarını tövsiyə edib. Səfir məzunların diplom almasının Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinin qeyd olunduğu ilə təsadüf etməsini simvolik və yadda qalan hadisə kimi xarakterizə edib. O, bildirib ki, Azərbaycan ilə Belarus arasında bütün sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Siyasi, iqtisadi sahələrdə olduğu kimi humanitar sferada, o cümlədən təhsil sahəsində də əlaqələrimiz genişlənir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Belarus FHN arasında əldə olunmuş razılığa əsasən, artıq necə illərdir Belarus FHN-in Mülki Müdafiə Universitetində azərbaycanlı gənclər təhsil alırlar. O, azərbaycanlı kursantlara göstərilən diqqət və qayğıya görə Belarus fövqəladə hallar nazirinə və universitetin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra diplomların təqdim olunması mərasimi keçirilib. Səfir Lətif Qəndilov və Azərbaycan FHN-in kadrlar idarəsinin rəisi Hikmət Osmanov Azərbaycanlı məzunlara diplomlarını təqdim edib.