2018-06-18

Azərbaycanın iki şirkəti MDB İcraiyyə Komitəsinin mükafatına layiq görülüb

Belarusun paytaxtı Minsk şəhərində MDB İcraiyyə Komitəsinin binasında keyfiyyətli məhsul və xidmətlər sahəsində əldə olunmuş uğurlara görə MDB iştirakçı ölkələrinin müəssisələrinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mükafata MDB ölkələrindən 14 müəssisə layiq görülüb. Mükafat alan müəssisələr arasında Azərbaycanın “Azertenolayn” (polad boru istehsalı) və “Qazelli” (parfüm istehsalı) şirkətləri də var. Belarusun 3, Qazaxıstanın 3 və Rusiyanın 6 müəssisəsi mükafata layiq görülüb.

Azərbaycanın iki şirkətinin belə yüksək mükafata layiq görülməsi ölkəmizdə aparılan iqtisadi siyasətin nəticəsidir.

Bundan əlavə, MDB iştirakçı dövlətlərinin 10-dan artıq müəssisəsi diploma layiq görülüb. Mükafat və diplom alan müəssisələr 3 il ərzində öz məhsullarının üzərində MDB-nin mükafatı emblemini göstərmək hüququna malikdir.

Keyfiyyətli məhsul və xidmət sahəsində əldə edilmiş uğurlara görə verilən bu mükafat MDB-nin ən nüfuzlu mükafatı hesab olunur və bu sahədə uğur qazanan müəssisələrə verilir. Məqsəd MDB iştirakçısı olan ölkələrdə yüksək keyfiyyətli, rəqabətə davamlı məhsul istehsalının və xidmətlərin stimullaşdırılmasıdır.

Mərasimdə MDB iştirakçı dövlətlərinin təşkilat yanında daimi nümayəndələri, o cümlədən Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, MDB İcraiyyə Komitəsini sədri Sergey Lebedev və mükafata layiq görülən müəssisələrin nümayəndələri iştirak ediblər.

Arxiv üzrə axtarış