2018-01-18

Azərbaycanın Belarusdakı səfirliyində Minsk Beynəlxalq Qadın Klubunun tədbiri keçirilib

Azərbaycanın Belarusdakı səfirliyində səfirlərin, diplomatların və xarici nümayəndələrin həyat yoldaşlarını özündə birləşdirən Minsk Beynəlxalq Qadın Klubunun üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən qonaqlar səfirlikdə yaradılmış muzeydə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı eksponatlara baxıb və kitabxana ilə tanış olublar.

Azərbaycanın Belarusdakı səfirinin həyat yoldaşı Nailə Qəndilova çıxış edərək xalqımızın zəngin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələri ilə bağlı qonaqlara geniş məlumat verib. Bildirilib ki, Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycan zəngin tarixə malikdir, məhz buna görə də xalqımız özünün mədəniyyətində həm Şərq, həm də Qərb mədəniyyətlərinin dəyərlərini birləşdirir. Ölkəmizin bir çox tarixi abidələrinin UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına salındığı vurğulanıb. Qonaqlara Azərbaycan mətbəxi ilə bağlı geniş məlumat verən N.Qəndilova bildirib ki, 2017-ci ildə Azərbaycan mətbəxinin ləziz yeməklərindən olan dolma UNESCO tərəfindən Ümumdünya Qeyri-Maddi İrs Siyahısına daxil edilib.

Sonra N.Qəndilova qonaqları özünün çəkdiyi rəsmlərdən ibarət sərgi ilə tanış edib.

Səfirliyin birinci katibi Nigar Çandirli və diplomatların həyat yoldaşları özlərinin hazırladıqları milli xörəklərimizi və şirniyyatlarımızı qonaqlara təqdim ediblər.

Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməkləri və şirniyyatı ilə bəzədilmiş süfrəyə dəvət edilib və onlara Azərbaycan tarixi, mədəniyyəti və musiqisi ilə bağlı film nümayiş etdirilib.

Tədbirdə Türkiyənin səfiri xanım Kezban Nilvana Darama, Almaniya, Rumıniya, Fələstin, Ukrayna, Qırğızıstan və Pakistan səfirlərinin həyat yoldaşları, səfirliklərin xanım əməkdaşları və Belarus XİN-in nümayəndəsi iştirak ediblər.

Arxiv üzrə axtarış