Belarusda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Azərbaycanın Belarus Respublikasındakı səfirliyi tərəfindən geniş silsilə tədbirlər keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Belarusun Azərbaycan İcmaları Konqresi ilə birgə fevralın 18-də Vitebsk, 22-də Svetloqorsk və 24-də Qrodno şəhərlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri təşkil olunub. Vitebsk şəhərində keçirilmiş anım mərasimində Polotsk və Orşa şəhərlərində yaşayan, Svetloqorsk şəhərində keçirilmiş anım mərasimində isə Moqilyov vilayətinin Bobruysk, Qomel vilayətinin Jlobin, Soliqorsk və Kalinkoviç şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.
Fevralın 26-da Azərbaycanın Belarusdakı səfirliyində keçirilən anım mərasiminə Beynəlxalq Miqrasiya Təşkilatının bu ölkədəki nümayəndəsi, Türkmənistanın Belarusdakı səfiri, Ukraynanın MDB yanındakı nümayəndəliyinin rəhbəri, Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç, Ukrayna səfirliyinin müşavir-elçisi, Türkiyə səfirliyinin əməkdaşları, Minskdə təhsil alan azərbaycanlı tələbələr, Belarusun Azərbaycan İcmaları Konqresinin və Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvləri qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən foto-sərgi ilə tanış olublar.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tarixi kökləri, əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə məlumat verib. XX əsrin bir çox soyqırımları ilə yadda qaldığını, Xocalı soyqırımının isə öz miqyasına və amansızlığına görə ən dəhşətli faciələrdən biri olduğunu qeyd edən səfir bildirib ki, bu soyqırımı ciddi düşünülmüş, planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilib. Ermənilər ümumiyyətlə tarixin çətin, dəyişən və mürəkkəb dövrlərində Azərbaycan xalqına qarşı xəyanət və cinayət yolunu tutublar. 1905-ci, 1918-ci və 1988-ci illər məhz bu cür dövrlər olub. Xocalı faciəsi Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə planı çərçivəsində Ermənistanın hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə törədilib.
Bununla bağlı səfir Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın BBC-nin müxbiri Tom de Vala verdiyi müsahibəsindən bu sözləri sitat gətirib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə silah qaldırmazlar. Biz bu stereotipləri qıra bildik, baş verən budur”. S.Sarkisyan təkcə bu sözlərinə görə Beynəlxalq Haaqa Məhkəməsi qarşısında cavab verməlidir. Səfir bildirib ki, haqq öz yerini tapacaq S.Sarkisyan, R.Koçaryan, S.Ohanyan və A.Qukasyan kimi cinayətkarlar tarix məhkəməsi qarşısında əməllərinə görə cavab verəcəklər.
Lətif Qəndilov qeyd edib ki, Azərbaycanda o zaman mərkəzləşmiş rəhbərliyin və idarəetmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti tərəfindən ilk dəfə olaraq bu faciəyə siyasi qiymət verilib və 26 fevral Xocalı soyqırımı günü kimi elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı beynəlxalq təbliğatın nəticəsidir ki, dünya ictimaiyyəti Xocalı soyqırımının real miqyası, dəhşətləri ilə tanış olub və “məzlum” erməni obrazına son qoyulub. Hazırda 15-dən çox dövlətin milli qanunvericilik orqanı, ABŞ-ın 20-dən çox ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamələr qəbul olunub. Səfir Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-məlumatlandırma kampaniyasının böyük rolunun olduğunu bildirib.
“Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün Azərbaycan hər zaman güclü dövlətə, güclü hakimiyyətə və güclü orduya malik olmalıdır, bu gün hər üç amil ölkəmizdə mövcuddur. Bu faciəni heç vaxt unutmamalıyıq. Tarixin çox məsuliyyətli və mürəkkəb dövründə dövlətimizin başçısının ətrafında daha sıx birləşmək, milli mənafe və düşüncəni möhkəmləndirmək vacibdir. Milli varlığımız məhz bunu tələb edir”, - deyə səfir vurğulayıb.
Sonda Xocalı soyqırımına həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi göstərilib və tədbir iştirakçılarına soyqırımı ilə bağlı ətraflı məlumatların əks edildiyi materiallar paylanılıb. Səfərlik tərəfindən hazırlanmış bu məlumatlar, həmçinin Belarus Xarici İşlər Nazirliyinə və digər dövlət təşkilatlarına, ölkədə fəaliyyət göstərən diplomatik korpusa, beynəlxalq təşkilatların nümayəndəliklərinə və aparıcı KİV-lərə göndərilib.