2018-03-27

Belarusda Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycanın Belarusdakı səfirliyi Belarus Azərbaycan İcmaları Konqresi ilə birgə bir sıra şəhərlərdə silsilə Novruz bayramı tədbirləri keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, martın 18-də Vitebsk şəhərində, 21-də paytaxt Minskdə, 23-də Babruyski, 25-də Kalinkoviç şəhərlərində keçirilən bayram şənliklərində səfir Lətif Qəndilov, səfirliyin əməkdaşları, Belarus Azərbaycan İcmaları Konqresinin, Minskdə fəaliyyət göstərən “Qobustan” İctimai Birliyinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə xalqımıza təbriki oxunub.

Səfir Lətif Qəndilov tədbirlərdə çıxış edərək milli bayramımız olan Novruzun tarixindən və onun xalqımızın milli birliyində oynadığı roldan danışıb. Bildirib ki, sovet hakimiyyəti illərində bu bayram əsassız bəhanələrlə qadağan olunsa da, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun xalqımız tərəfindən geniş şəkildə qeyd olunmasına imkan yaradılıb. Xalq bu bayramı nəsildən-nəslə ötürərək bu günümüzə çatdırıb. Səfir Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd edildiyini və ölkəmizin təşəbbüsü ilə dünyaya tanıtdırıldığını bildirərək, milli-mədəni irsimizin təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin 11 mədəni irsinin, o cümlədən Novruz bayramının UNESCO-nun Ümumdünya İrs Siyahısına salındığını, 2010-cu ildə isə ölkəmizin təşəbbüsü və Novruzu qeyd edən digər ölkələrin dəstəyi ilə 21 mart tarixinin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyini söyləyib. O, Azərbaycanın dünyanın sayılan dövlətlərindən birinə çevrildiyini qeyd edərək, bu gün ölkəmizin ən böyük problemi olan işğal olunmuş ərazilərimizin azad ediləcəyini vurğulayıb. Bunun üçün Azərbaycanda güclü ordu yaradıldığı və ordumuzun hər an torpaqlarımızı erməni işğalından azad etməyə hazır olduğu diqqətə çatdırılıb.

Səfir bu bayram günlərində diaspor nümayəndələrini milli birlik və azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırıb.

Bayram şənliklərində çıxış edən diaspor nümayəndələri Azərbaycan xalqını təbrik ediblər və göstərilən diqqətə görə səfirliyə təşəkkürlərini bildiriblər.

Novruz şənliklərində Azərbaycan musiqiləri təqdim edilib və mətbəximizin nümunələrindən ibarət bayram süfrəsi açılıb.

Arxiv üzrə axtarış