ÜMUMVƏTƏNDAŞ PASPORTLARININ RƏSMİLƏŞDİRİLMƏSİ QAYDALARI

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Belarus Respublikasında daimi yaşayış və ya bir il müddətinə müvəqqəti yaşamaq üçün icazəsi olan hər bir Azərbaycan Respublikasının vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi vermək və imza atmək üçün aşağıda göstərilən sənədləri təqdim etməlidir.

18 yaşı tamam olmuş vətəndaşlara yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. yeni ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (Konsulluq şöbəsində doldurulur);
  2. etibarlı ümumvətəndaş pasportunun əsli və surəti;
  3. etibarlı şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  4. 18-35 yaş həddində olan kişilər üçün hərbi bilet (hərbi xidmət keçmə və ya xidmətdən azad olunma barədə möhlət qeydləri ilə birlikdə), düzəlişlər xüsusi qeydlər səhifəsində möhürlə təsdiq olunmalıdır;
  5. konsulluq qeydiyyatı haqqında anket (Konsulluq şöbəsində doldurulur);
  6. 2 ədəd 3x4 ölçüdə fotoşəkil (anket üçün);
  7. dövlət rüsumunun (25 ABŞ dolları) Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (bankın rekvizitləri Konsulluq şöbəsində verilir)

18 yaşı tamam olmamış vətəndaşlara yeni ümumvətəndaş pasportu rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. yeni ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (Konsulluq şöbəsində doldurulur);
  2. etibarlı ümumvətəndaş pasportunun əsli və surəti;
  3. etibarlı şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  4. uşağın doğum haqqında şəhadətnamənin əsli və surəti;
  5. yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizələri (hər iki valideyn gəlməlidir);
  6. hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri)
  7. nikah haqqında şəhadətnamə;

Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir:

  1. bir yaşınadək uşaqlar üçün - 15 manat;
  2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat
  3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat
  4. on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 manat

VACİB!

VƏTƏNDAŞIN ETİBARLI PASPORTU VƏ ETİBARLI ŞƏXSİYYƏT VƏSİQƏSİ (HƏR İKİSİ) OLMADIĞI TƏQDİRDƏ YENİ ÜMUMVƏTƏNDAŞ PASPORTUNUN VERİLMƏSİ MÜMKÜN OLMAYACAQ!

YENİ PASPORT VERİLDİKDƏN SONRA ETİBARSIZ PASPORT SƏFİRLİYƏ TƏHVİL VERİLMƏLİDİR!

Arxiv üzrə axtarış