news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2026

Xocalı soyqırımının 34-cü ildönümü Minskdə qeyd olunub

 24 fevral 2026-cı il tarixdə Səfirlik tərəfindən Xocalı soyqırımının otuz dördüncü ildönümü ilə əlaqədar Minsk şəhərində anım tədbiri təşkil edilib.

Tədbirdə Belarus Azərbaycan İcmaları Konqresi və onun Polotsk, Qrodno, Brest regional bölmələri, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq”, Moqilyovda fəaliyyət göstərən “Azəri”, Bobruyskda fəaliyyət göstərən “Vətən” cəmiyyətlərinin rəhbərləri və üzvləri, “Tochka.by” xəbər portalının direktoru, Türkiyə Respublikasının Belarus Respublikasındakı hərbi attaşesinin köməkçisi və türk diplomatları, eləcə də Belarusda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət güşənin önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri M.Əliyev çıxış edərək, Xocalı soyqırımına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb və ermənilərin tarix boyu Qarabağla bağlı apardıqları təxribatçı siyasət barədə məlumat verib. Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisi olduğunu bildirən səfir,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisi üzərinə ağır hərbi texnika yeritdiyini, onlara misli görünməmiş qəddarlıqla divan tutulduğunu, şəhərin barbarcasına yerlə-yeksan edildiyini xatırladıb. Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçılarının Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçılarının isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti olduğunu qeyd edib.

Daha sonra M.Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamentinin ilk olaraq bu faciəyə siyasi qiymət verdiyini və 26 fevralın Xocalı soyqırımı günü kimi elan edildiyini bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticəsi olaraq, 18 ölkə, 24 ABŞ ştatı və 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edildiyini diqqətə çatdırıb. Həmçinin, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildən başladılmış “Xocalıya ədalət!” təbliğat-informasiya kampaniyasının rolunu vurğulayıb.

M.Əliyev otuz il sonra Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını təsdiqləyən və Ermənistan qoşunlarının ölkədən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirərək, öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdiyini qeyd edib. "Ağlasığmaz qəddarlığı və qeyri-insani qisas üsulları ilə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı bəşəriyyət tarixində bir vəhşilik aktıdır” deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözlərini rəhbər tutaraq, bu soyqırımın tanıdılması və günahkarların cəzalandırılması naminə “Xocalıya Ədalət” kampaniyası ətrafında xalqımızın daha sıx birləşməli olduğunu, xüsusilə diaspor fəallarının bu istiqamətdə daim Səfirliklərlə birlikdə fəaliyyət göstərməli olduğunu diqqətə çatdırıb.

Sonda din xadimləri tərəfindən Xocalıda, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə dualar oxuyub, ehsan süfrəsi açılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti