news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2026

Minskdə Sovet İttifaqı Qəhrəmanı N.Rəfiyevin xatirəsi yad edilib

06 may 2026-cı il tarixdə Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr olunmuş mitinq-rekviem keçirilmişdir.

N.Rəfiyevin büstü önündə keçirilən tədbirdə Belarus Resublikası xarici işlər nazirinin müavini Pavel Utyupin, MDB Baş katibinin birinci müavini İqor Petrişenkonun rəhbərliyi ilə MDB İcraiyyə Komitəsinin nümayəndələri və Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri, eləcə də bir sıra digər ölkələrin səfir və diplomatları, hərbi attaşeləri, Belarus Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, Minsk şəhər Moskva rayon Administrasiyasının rəhbəri, diaspora üzvləri, N.Rəfiyev adına Minsk şəhər 170 nömrəli orta məktəbin müəllim və şagird heyəti, eləcə də Səfirliyin əməkdaşları iştirak etmişdir.

İlk öncə Azərbaycan Respublikasının və Belarus Respublikasının dövlət himnləri səsləndirilmiş, Böyük Vətən Müharibəsində Qələbə uğrunda canlarından keçmiş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən səfir M.Əliyev Böyük Vətən Müharibəsində Azərbaycan xalqının həm döyüş meydanında, həm də arxa cəbhədə nümayiş etdirdiyi şücaətdən, eləcə də ölkəmizin faşizm üzərində qələbəyə verdiyi töhfədən bəhs etmişdir. Çağırışçılardan və könüllülərdən ibarət Azərbaycan diviziyalarının Qafqazdan Berlinə qədər şərəfli hərbi yol keçdiyini qeyd edən səfir, müharibə zamanı göstərdikləri hərbi şücaətə görə 128 Azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, onlardan 12-sinin məhz Belarusun azad edilməsi uğrunda qəhrəmanlığı ilə seçildiyini diqqətə çatdırmışdır.

Belarus xalqının bütün qəhrəmanların, o cümlədən Baranoviçidə yüzlərlə sakinin həyatını xilas edən tankçı Nəcəfqulu Rəfiyevin şücaətlərini yüksək qiymətləndirdiyini vurğulayan M.Əliyev, ortaq tariximizə və Böyük Vətən Müharibəsinin xatirəsinə göstərdikləri diqqətə görə Belarus Respublikasının rəhbərliyinə və bütün Belarus xalqına minnətdarlığını ifadə etmişdir.

 Daha sonra Belarus xarici işlər nazirinin müavini Pavel Utyupin çıxış edərək, bir sıra ölkələrdə Qələbənin qeyd olunmasının qadağan olunduğunu və qəhrəmanların abidələrinin dağıdıldığını diqqətə çatdırmış, buna cavab olaraq Belarusda Böyük Vətən Müharibəsinin nəticələrinin, cəbhə xəttində, partizan dəstələrində vuruşan və arxa cəbhədə cəsarətlə çalışan sovet qəhrəmanlarının xatirəsinin nəsildən-nəslə ötürüldüyünü diqqətə çatdırmışdır. Oxşar tədbirlərin digər MDB ölkələrində də keçirilməsinin sevindirici hal olduğunu qeyd edən nazir müavini, bir sıra ölkələrdə Belarus diplomatik nümayəndəliklərinin qəhrəmanların adlarını daşıyan küçə və prospektlərdə yerləşdiyini diqqətə çatdırmışdır. P.Utyupin müxtəlif millətləri birləşdirən sovet xalqının qəhrəmanlarının, o cümlədən Belarusun azad olunması uğrunda döyüşmüş N.Rəfiyevin əziz xatirəsinin daim hörmətlə yad ediləcəyini və onun şücayətlərinin gənc nəsilə çatdırılaraq xatirəsinin əbədi yaşadılacağına inamını ifadə etmişdir.

Sonra çıxış edən MDB Baş katibinin birinci müavini İ.Petrişenko şanlı qələbənin əldə olunmasında Bakı neftinin və neft məhsullarının, eləcə də Azərbaycanda yaralıların müalicəsinə xidmət edən 70-dən çox hərbi hospitalın əvəzsiz roluna toxunmuş, bunlarsız qələbənin mümkünsüz olacağını vurğulamışdır. N.Rəfiyevin simasında Belarusun müdafiəsi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinin hər zaman hörmətlə yad edildiyini vurğulayan İ.Petrişenko, tarixi həqiqətlərin gənc nəslə çatdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bu kimi tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

        Tədbirin bədii hissəsində N.Rəfiyev adına Minsk şəhər 170 nömrəli orta məktəbin şagirdlərinin ifasında şeir və mahnılar səsləndirilmişdir.

Sonda tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı N.Rəfiyevin büstünün qarşısına gül dəstələri qoymuş və xatirə fotoşəkli çəkdirmişlər.

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti