Azərbaycan XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində iştirak edir
Azərbaycan 17-22 mart 2026-ci il tarixlərində keçirilən XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Müstəqil Dövlətlər Birliyinin 35-ci ildönümününə həsr olunan sərginin əsas səhnəsində 18 mart tarixində Azərbaycanın ölkə təqdimatı keçirilmişdir. Tədbirin əvvəlində qonaqlara ölkənin mədəniyyəti və görməli yerləri haqqında ətraflı video nümayiş etdirilmişdir. Daha sonra M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Fuad İbrahimov çıxış edərək Azərbaycanın zəngin ədəbi irsi, mədəniyyəti və kitab sənayesinin inkişafı barədə məlumat vermişdir.
Təqdimat yaradıcı qrupların ifasında Azərbaycan milli rəqslərinin nümayişi və klassik Azərbaycan şairlərinin şeirlərinin səsləndirilməsi ilə başa çatmışdır.
Tədbirdə Belarus Respublikası informasiya nazirinin müavini Andrey Mixayloviç Kuntseviç, diplomatik korpusun nümayəndələri və sərginin ziyarətçiləri iştirak etmişdir.