Azərbaycan Respublikasına gələn vətəndaşlar üçün

Müvəqqəti olma müddəti

Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərinə riayət etməli və müəyyən olunmuş müddət bitdikdən sonra ölkə ərazisini tərk etməlidirlər.

Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması  və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Əcnəbilər və vətəndaşlığı olmayan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının qanuni tələblərinə əsasən, şəxsiyyətlərini təsdiq edən, habelə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olmalarını və ya yaşamalarını təsdiq edən sənədləri təqdim etməlidirlər.

Olduğu yer üzrə qeydiyyat

Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində)elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının 
elektron xidmətləri və elektron poçt (qeydiyyat@migration.gov.az ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərinə müraciət edilməlidir.
Tələb olunan sənədlər:

ərizə-anket;
əcnəbinin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla).

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama inzibati məsuliyyətə cəlb edilmə üçün əsasdır.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti