2020-10-09
Belarus Strateji Tədqiqatlar İnstitutunun rəhbərliyinə Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin əsas və aparıcı araşdırma mərkəzi olan Belarus Strateji Tədqiqatlar İnstitutunun rəhbəri professor Oleq Makarovla görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi Belarus Strateji Tədqiqatlar İnstitutunun rəhbərliyini və Qafqaz regionu üzrə aparıcı elmi işçilərini ermənilərin mənşəyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xronikası, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti hücumu, beynəlxalq təşkilatların və böyük dövlətlərin məsələyə baxışı, Azərbaycan tərəfinin münaqişənin həllində tutduğu mövqe və müharibənin başlanmasının səbəbləri barədə məlumatlandırmaqdan ibarət olub.

Həmçinin ictimai fikri həqiqətlərdən yayındırmağa yönəlmiş erməni təbliğatı barədə geniş açıqlama verilib. Postsovet məkanında birinci olan bu münaqişədən sonra beynəlxalq təşkilatların və ictimaiyyətin fəaliyyətsizliyi səbəbindən regionda yeni münaqişələrin yarandığını qeyd edib. Bildirib ki, bu münaqişənin tezliklə həll olunması digər münaqişələrin də uğurla həllinə təkan verə bilər.

Səfir BMT-də İraq, Suriya və Liviyaya dair qəbul edilmiş qətnamələrin məcburi surətdə, qısa zamanda həyata keçirilməsinə baxmayaraq, 1993-cü ildə BMT tərəfindən Ermənistanın Azərbaycanın işğal etdiyi əraziləri qeyri-şərtsiz boşaltmasına dair qəbul olunmuş 4 qətnamənin bu günə qədər icra olunmamasının ikili standartların tam sübutu olduğunu söyləyib. Bu məsələyə məsul olan ATƏT-in Minsk qrupunun isə tam fəaliyyətsizlik göstərdiyini vurğulayıb.

Bildirib ki, mövcud münaqişələrin həll olunması istiqamətində əməli işlər görülmədiyi üçün dünyada sabitlik pozulub və proses daha da dərinləşməkdə, gərginləşməkdə davam edir. Bu baxımdan Belarusun Azərbaycanın haqlı mövqeyinə ciddi dəstək verilməsi zəruridir.

“Müharibə getməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bizim hərbi hissələrimizi və texnikalarımızı deyil, daha çox mülki obyektlərimizi və sənaye şəhərləri olan Gəncə və Mingəçeviri hədəfə alır. Ermənistan tərəfi Mingəçevir şəhərində su anbarını raket atəşinə tutmaqla bölgədə ciddi ekoloji fəlakət törətmək istəyib”, - deyən səfir Belarusun dövlət informasiya saytlarında və televiziya kanallarında münaqişə ilə bağlı verilən tarixi məlumatların və digər faktların təhrif olunduğunu söyləyib. Səfir Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə və Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumuna dair hazırlanmış materialları O.Makarova təqdim edib.

O.Makarov münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin mövqeyini və verilən bütün məlumatları ciddi surətdə araşdıraraq səlahiyyətli qurumlara təqdim edəcəyini bildirib. O, Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını deyib və ona münaqişə barədə yeni məlumatların göndərilməsini xahiş edib.

https://azertag.az/xeber/1608189

növbəti xəbər əvvəlki xəbər