news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 iyun 2026

Minskdə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib

2 iyun 2026-cı il tarixdə Minsk şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib. İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik edib.

İclasda sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib. Qeyd olunub ki, Gəncə Avtomobil Zavodu Belarusun aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində traktor, yük avtomobili, kommunal və xüsusi texnika istehsalını uğurla davam etdirir.

Tərəflər, həmçinin Azərbaycanda məişət texnikasının istehsalı, lift avadanlıqlarının yığılması, farmasevtika və baytarlıq preparatlarının istehsalı, eləcə də mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub. Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfinin iştirakı ilə həyata keçirilən aqroşəhərcik layihəsinin icrası yüksək qiymətləndirilib. Tərəflər layihənin növbəti mərhələlərinin vaxtında həyata keçirilməsi və aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da iclasın əsas mövzularından biri olub. Qeyd edilib ki, 2026-cı ilin yanvar-aprel aylarında tranzit daşımalarının həcmi 63 faizdən çox artıb. Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Humanitar əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr də yüksək qiymətləndirilib. Mədəniyyət, təhsil, səhiyyə, gənclər siyasəti və idman sahələrində yeni əməkdaşlıq mexanizmlərinin yaradılması, mütəxəssis mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İclas çərçivəsində Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekun Protokolu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Belarus Respublikası Milli Statistika Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı, Azərbaycan və Belarus Səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi, Gəncə Avtomobil Zavodu ilə “POJSNAB” arasında yanğınsöndürmə texnikasının yığılmasına dair müqavilə imzalanıb.

İclasın yekununda tərəflər Azərbaycan-Belarus strateji tərəfdaşlığının möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə qətiyyətlərini bir daha təsdiqləyiblər.

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra hökumət nümayəndələrinin və iş adamlarının iştirakı ilə Azərbaycan-Belarus biznes-forumu keçirilib.

Forum çərçivəsində işgüzar dairələr arasında yeni tərəfdaşlıq imkanları və birgə investisiya layihələri müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti