news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 may 2026

Minsk şəhərində Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib

22 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi tərəfindən 28 May–Müstəqillik Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

Qəbulda əsas qonaq qismində Belarusun Baş nazirinin müavini Aleksandr Terexov, həmçinin Belarusda fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin hərbi attaşeləri, diaspor rəhbərləri və üzvləri, Belarusda təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak edib.

Azərbaycan və Belarus himnlərinin səsləndirilməsindən sonra səfir Məhərrəm Əliyev çıxış edərək, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi irsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Demokratiya və insanların bərabərliyi prinsiplərinə əsaslanaraq ölkənin bütün vətəndaşlarının bərabər hüquqlarla təmin olduğunu, o cümlədən Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verildiyini qonaqların diqqətinə çatdırıb. Birinci Respublikanın keçdiyi ağır sınaqları xatırladan səfir, 1991-ci ildə müstəqilliyimiz yenidən əldə olunduqdan sonra AXC-nin dövlətçilik ənənələri əsasında və Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, dəmir siyasi iradəsi və böyük uzaqgörənliyi sayəsində ölkəmizin xaosdan xilas olaraq, davamlı inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu vurğulayıb. Bu gün böyük quruculuğun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini vurğulayan M.Əliyev, nəticədə Azərbaycanın beynəlxalq arenada öz layiqli yerini tutduğunu bildirib.

Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tamamilə, qeyd-şərtsiz və birdəfəlik bərpa etdikdən sonra, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, o cümlədən "Böyük Qayıdış" dövlət proqramı haqqında məlumat verən M.Əliyev, həmçinin Cənubi Qafqazın sülh və mehriban qonşuluq regionuna çevrilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətə də toxunub.

Məhz bu gün, 22 may tarixində, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda təntənəli şəkildə başa çatdığını vurğulayan səfir,  bununla Azərbaycanın bir daha qlobal dialoq platforması statusunu təsdiqlədiyini diqqətə çatdırıb. BR Nümayəndələr Palatasının sədri İqor Serqeyenkonun rəhbərlik etdiyi yüksək səviyyəli Belarus nümayəndə heyətinin bu Forumda iştirakından məmnunluğunu ifadə edən səfir, Azərbaycan və Belarusu yalnız diplomatiyanın deyil, zamanla sınaqdan keçirilmiş strateji tərəfdaşlığın birləşdirdiyini vurğulayıb. İkili standartlarla mövcud olduğu bugünkü dünyada Azərbaycan və Belarusun dövlətlərarası münasibətlərin uğurlu modelini nümayiş etdirdiyini, bütün beynəlxalq platformalarda - istər BMT, istər MDB, istərsə də Qoşulmama Hərəkatı – vahid cəbhədə çıxış etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Belarus Respublikasının ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəyini yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan həmişə Belarusa qarşı ədalətsiz siyasi təzyiqə qətiyyətlə müqavimət göstərib və göstərəcəkdir.

Azərbaycan – Belarus münasibətlərinə toxunan M.Əliyev, ötən il ticarət dövriyyəsinin 428 milyon dolları keçdiyini və hazırda Azərbaycanın Belarusa ixracında qeyri-neft sektorunun payının təqribən 100 faiz təşkil etdiyini bildirib, qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.

Baş nazirin müavini A.Terexov çıxış edərək ilk öncə müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlara toxunub, Belarusun Azərbaycanın regionda və dünyada nüfuzunun artmasını, beynəlxalq arenda öz mövqelərini möhkəmləndirməsini sevinc hissi ilə qarşıladığını bildirib. Ölkəmizin sosial-iqtisadi inkişafını, əhalinin rifahının və həyat səviyyəsinin yüksəlməsini Azərbaycanın bu istiqamətdə uğurlu daxili siyasəti kimi dəyərləndirən Baş nazirin müavini, Azərbaycanın həmçinin uğurlu xarici siyasət nəticəsində beynəlxalq münasibətlərin nüfuzlu aktoruna çevrildiyini vurğulayıb.

A.Terexov bildirib ki, yeni geosiyasi reallıqlar bir daha sübut edir ki, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və dost ölkədir. Ticarət dövriyyəsinin artması, sənaye sahəsində əlaqələrimiz dərinləşməsi, birgə istehsal sahəsində uğurlu addımlar atılması bütün bu deyilənləri bir daha təsdiq edir. Həmçinin Belarusun, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqro şəhərçiyin salınması ilə Azərbaycanın azad olunmuş regionlarının bərpa-quruculuq işinə töhfə verdiyini vurğulayıb. Dövlət başçılarının və hökumətlərin qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasında iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası komissiyanın mühüm institut olduğunu vurğulayan Baş nazirin müavini, yaxın günlərdə Minskdə keçiriləcək 16-cı iclasın bu əlaqələrin inkişafına töhfə verəcəyini və qarşıya qoyulan məqsədlərə daha operativ şəkildə nail olunacağına inamını ifadə edib. İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən A.Terexov, Azərbaycan dövlətini və xalqını bu əlamətdar bayram münasibətilə təbrik etmiş, ölkəmizə daim sülh və rifah arzulayıb.

Tədbirin bədii hissəsində Belarusun milli mədəniyyətlər beynəlxalq müsabiqəsi laureatının ifasında “Azərbaycan” mahnısı səsləndirilib, “Qafqaz” “Sarı Gəlin” rəqs ansambllarının ifasında milli rəqs nümunələri ölkəmizin mədəniyyətini və milli adət-ənənələrini əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə ölkəmizin turizm potensialını, eləcə də işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti