2019-12-19
Azərbaycanın dünyanın qüdrətli dövlətləri sırasında addımlaması Ulu Öndərin gərgin əməyi sayəsində mümkün olub

Azərbaycanın Belarusdakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Belarusda yaşayan azərbaycanlılar, Minskdə təhsil alan azərbaycanlı və yerli tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin səfirliyin foyesindəki büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin müvəqqəti işlər vəkili Nizami Rüstəmov çıxışında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən danışaraq deyib: “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünyanın qüdrətli dövlətləri sırasında addımlaması Ulu Öndərimizin gərgin əməyi sayəsində mümkün olub”.

N.Rüstəmov, həmçinin qeyd edib ki, Ulu Öndər 1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının, iqtisadi yüksəlişinin möhkəm təməlini qoydu və bununla da ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyasına nail oldu.

Tədbirdə, həmçinin Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovun, Minskdə təhsil alan tələbələrin çıxışları dinlənilib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqımızın milli-mənəvi irsinin və adət-ənənələrinin qorunub saxlanılmasında müstəsna xidmətləri var. Bildirilib ki, bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətləri sırasında özünün layiqli yerini tutub.

Sonra “Öndərin Yolu” sənədli filmi nümayiş etdirilib.

https://azertag.az/xeber/1366499

növbəti xəbər əvvəlki xəbər