2019-05-08
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirə lövhəsinin qarşısında mitinq-anım mərasimi keçirilib

Azərbaycanın Belarusdakı səfirliyi Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında mitinq-anım mərasimi keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski, İcraiyyə Komitəsinin əməkdaşları, Belarus XİN-in nümayəndəsi, Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsi sədrinin müavini Vitali Brel, MDB iştirakçı dövlətlərinin Belarusdakı səfirliklərinin rəhbərləri və əməkdaşları, Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhərində fəaliyyət göstərən “Qobustan” Cəmiyyətinin üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr və yerli sakinlər iştirak ediblər.

Mitinqdə səfir Lətif Qəndilov çıxışı zamanı Belarusun alman faşistlərindən azad edilməsi uğrunda minlərlə azərbaycanlının həlak olduğunu bildirib, bu döyüşlərdə iştirak etmiş və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 8 azərbaycanlıdan birinin də Nəcəfqulu Rəfiyev olduğunu söyləyib. N.Rəfiyev Belarusun Babruysk, Baranoviç, Minsk şəhərlərinin, Mogilyov vilayətinin bir sıra yaşayış məntəqəsinin işğalçılardan azad olunmasında böyük qəhrəmanlıqlar göstərib. Səfir Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının böyük töhfə verdiyini bildirərək, Böyük Vətən müharibəsi zamanı 600 mindən çox azərbaycanlının cəbhəyə getdiyini, onlardan 400 mininin həlak olduğunu və itkin düşdüyünü qeyd edib. O, ərazisində müharibə getməyən bir respublika üçün bunun çox böyük rəqəm olduğunu söyləyib. Bildirilib ki, Böyük Vətən müharibəsi illərində Azərbaycanda 4 milli diviziya və 87 batalyon təşkil edilərək müharibəyə göndərilib. O, Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycan neftinin roluna diqqət çəkərək, müharibə dövründə sovet hərbi texnikasının 90 faizinin Azərbaycan nefti hesabına hərəkət etdiyini söyləyib. Bildirib ki, Belarusun alman-faşist işğalından azad olunmasında Azərbaycan oğulları fədakarlıqla döyüşüblər və məhz buna görə də Belarus burada yaşayan azərbaycanlıların da vətənidir. Səfir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün N.Rəfiyev kimi qəhrəmanların döyüş yolunun öyrənilməsinin və təbliğinin əhəmiyyətini vurğulayaraq, azərbaycanlı qəhrəmanların xatirəsinə göstərilən ehtirama görə Belarus xalqına minnətdarlığını bildirib.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski çıxışında Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında o zaman Sovet İttifaqında yaşayan xalqların rolunu vurğulayaraq, Azərbaycan xalqının istər ön cəbhədə, istərsə də arxa cəbhədə fədakarlıqla mübarizə apardığını bildirib.

Minsk şəhər Moskva rayonunun İcraiyyə Komitəsinin sədr müavini Vitali Brel Belarusun alman faşistlərindən azad olunması uğrunda Azərbaycan xalqının qəhrəman oğullarının göstərdikləri şücaətə görə minnətdarlıq bildirib.

1944-cü ilin iyun ayında alman faşistlərinin edamından N.Rəfiyevin qəhrəmanlığı sayəsində xilas olmuş Tamara Pavlova çıxış edərək bildirib ki, həmin il onun 11 yaşı var idi. Həmin vaxt N.Rəfiyev onları xilas etməsəydi, o indiki 86 yaşına kimi yaşaya bilməyəcəkdi. O, bu gün yaşadığına görə hər zaman Azərbaycan xalqının qəhrəman oğlu Nəcəfqulu Rəfiyevə minnətdar olduğunu bildirib.

Minsk şəhər Moskva rayonunun Veteranlar Şurasının sədri Nina Çerıyak Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycanın səfirliyinə minnətdarlığını bildirib və yazdığı şeiri oxuyub.

Rəsmi çıxışlardan sonra məktəblilərin ifasında Böyük Vətən müharibəsinə aid şeirlər və mahnılar səsləndirilib.

Tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin barelyefinin qarşısına çiçək dəstələri qoyublar. Ərazidə yerləşən 170 saylı orta məktəbin direktoru Yelena Ryabova rəhbərlik etdiyi məktəbin pioner təşkilatına Nəcəfqulu Rəfiyevin adının verildiyini bildirib.

Sonra mərasim iştirakçıları 170 saylı məktəbin akt zalında məktəb kollektivinin özfəaliyyət qrupu tərəfindən hazırlanmış konsert proqramına baxıblar.

növbəti xəbər əvvəlki xəbər