2018-12-04
Belarusda Yeni il sərgi-yarmarkasında Azərbaycan mətbəxinin nümunələri təqdim olunub

Belarusda akkreditə olunmuş səfirlərin, diplomatların və xarici təmsilçiliklərin üzvlərinin həyat yoldaşlarının daxil olduğu “Beynəlxalq qadınlar klubu” tərəfindən Yeni il xeyriyyə sərgi-yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, qeyd olunan sərgi-yarmarkada Belarusda fəaliyyət göstərən bir çox diplomatik missiyalar, o cümlədən Azərbaycanın Belarusdakı səfirliyi iştirak edib.

Səfirin və səfirliyin əməkdaşlarının həyat yoldaşları, səfirliyin qadın əməkdaşlarının iştirakı və köməkliyi ilə səfirliyimiz xeyriyyə sərgi-yarmarkasında fəal iştirak edib. Azərbaycan səfirliyi tərəfindən açılan stend iştirakçılar tərəfindən maraqla qarşılanıb. Milli stendimizi qadınlarımızın hazırladıqları Azərbaycanın ləziz mətbəxinin nümunələrindən – ləvəngi, kükü, plov, dolma və milli şirniyyatlarımızdan – şəkərbura, paxlava, çudu, qoğal, müxtəlif çeşidli mürəbbələr və milli suvenirlər bəzəyib. Azərbaycan stendində alış-veriş edənlərə hədiyyə olaraq “İrs” və “Baku” jurnalları təqdim olunub.

Tədbirin bədii hissəsində çıxış edən Minskdə fəaliyyət göstərən “Sarı gəlin” rəqs qrupunun ifasında Azərbaycan rəqsləri və ölkəmizin mədəniyyəti, incəsənəti tarixi və təbiəti haqqında sənədli film iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səfirlik tədbirin hazırlanmasına Minskdə yaşayan diaspor üzvlərini də cəlb edib.

Sərgi-yarmarkadan əldə olunmuş böyük məbləğdə vəsait xeyriyyə məqsədi ilə “Beynəlxalq qadınlar klubu”nun rəhbərliyinə təhvil verilib.

əvvəlki xəbər