2018-01-19
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın Belarusdakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin də iştirak etdiyi tədbirdə Azərbaycanın dövlət himni səslənib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən səfir Lətif Qəndilov bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Səfir 20 Yanvar hadisələrini Azərbaycan xalqının qarşılaşdığı siyasi haqsızlıqlara qarşı yaranmış milli azadlıq hərəkatının qan içində susdurulması kimi qiymətləndirib. Bildirilib ki, o vaxt baş verən hadisələrə bu gün baxanda aydın görünür ki, həmin dövrdə milli dövlətçiliyimizin olmaması hadisələrin əsas səbəbi olub. Milli varlığın yeganə təminatçısı müstəqil dövlətin olmasıdır. Məhz buna görə də bütün varlığımızla müstəqil dövlətimizi qorumağımız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşməyimiz günün əsas tələbidir. Hər bir dövlətin varlığı sabitlikdən, iqtidar-xalq vəhdətindən və Vətənə məhəbbətdən keçir. Bu səbəbdən də buna mane olan hər bir məsələyə qarşı son dərəcə sərt və ciddi vətəndaşlıq iradəmizin ortaya qoyulması və milli birliyimizin nümayiş etdirilməsi vacibdir. O dövrdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov kimi şəxslər isə milli manqurtluğun və xəyanətin rəmzi kimi qiymətləndirilməlidir.

Səfir bildirib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib və dünya xalqımızın fəryadını ulu öndər Heydər Əliyevin səsi ilə eşidib.

Lətif Qəndilov deyib ki, tarix bizə heç də hər zaman mərhəmətli olmayıb. Unutqanlığımızla isə biz hər şeyi itirə bilərik. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq.

Sonra çıxış edən Ziyad Səmədzadə 20 Yanvar hadisələrinin canlı şahidi kimi faciə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O, faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin SSRİ hakimiyyətindən uzaqlaşdırılması ilə qoyulduğunu bildirib. Milli Məclisin komitə sədri 20 Yanvar faciəsinin təşkilatçılarının torpaqlarımıza yiyələnmək və ümumiyyətlə, Azərbaycan xalqını tarixdən silmək vəzifəsini qarşıya qoyduqlarını söyləyib. “Baş verən hadisələr isə dövlətçiliyimizin bərpa edilməsini və Heydər Əliyev şəxsiyyətinin hakimiyyətə gətirilməsini tarixi zərurət kimi ortaya qoydu. Şəhidlərimizin qanı bahasına əldə etdiyimiz müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu siyasət həyata keçirir. Aparılan məqsədyönlü siyasət nəticəsində müasir Azərbaycan dünyanın sayılan dövlətlərindən birinə çevrilib”, - deyə o qeyd edib.

Daha sonra tədbir iştirakçılarından Baxşı Qənbərov və Gülnarə İmanova çıxış edərək 20 Yanvar faciəsinin dərslərindən ibrət götürülməsinin vacibliyini bildiriblər.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı filmə baxıb və səfirliyin foyesində faciəni əks etdirən fotosərgi ilə tanış olublar.

növbəti xəbər əvvəlki xəbər