2018-03-01
Minskdə keçirilən beynəlxalq kitab sərgisində Azərbaycana aid stend qurulub

Belarusun Minsk şəhərində ənənəvi XXV beynəlxalq kitab sərgi-yarmarkası açılıb.

AZƏRTAC xəbər verir ki, martın 4-dək davam edəcək sərgi-yarmarkada 32 ölkədən 360-dan çox nəşriyyat və kitab evi iştirak edir. Sərgi-yarmarkada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə milli stend qurub.

Azərbaycanın stendi tərtibatı və kitabların çeşidinə görə sərginin mühüm stendlərindən biri kimi qiymətləndirilib. Stenddə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın bugünkü həyatı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli stendimizi ziyarət edənlərə turizm imkanlarımız, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumat verilir, onlara jurnal, informasiya bukletləri paylanılır.

Builki sərgi-yarmarkanın rəsmi qonağı Serbiyadır. Açılış mərasimində Serbiyanın Mədəniyyət və İnformasiya Nazirliyinin dövlət katibi Aleksandr Qayoviç, Belarusun informasiya naziri Aleksandr Karlyukeviç, Belarus Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Maksim Rjankov və Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqineç çıxış edib, sərgi-yarmarkada iştirak edən təşkilatlara uğurlar arzulayıblar. Sərgidə Qazaxıstan, Rusiya, Çin, ABŞ, İngiltərə və Almaniya böyük ekspozisiyalarla təmsil olunur.

növbəti xəbər əvvəlki xəbər