2018-05-11
Minskdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Azərbaycanın Belarusdakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə mayın 11-də Belarus Milli Kitabxanasında elmi-praktiki konfrans təşkil edib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, konfransda əsas qonaq qismində Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Boleslav Pirştuk və xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko iştirak ediblər. Bundan əlavə, konfransda Belarusun tanınmış ictimai-siyasi xadimləri, elm adamları, parlamentin deputatları və bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Belarus Baş nazirinin müavini, Belarus-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Vladimir Semaşkonun konfrans iştirakçılarına müraciəti oxunub.

Konfransa Belarus Milli Məclisinin Respublika Şurasının milli təhlükəsizlik və beynəlxalq məsələlər daimi komissiyasının sədri Sergey Raxmanov moderatorluq edib.

Səfir Lətif Qəndilov konfransda çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək bildirib: “Böyük şəxsiyyət odur ki, onun şəxsi maraqları ümumbəşəri prinsiplərlə üst-üstə düşsün. Dövlətə rəhbərlik etmək vəzifədirsə, lider olmaq taledir. XX əsrdə Azərbaycan xalqının tarixini yazmaq vəzifəsi məhz Heydər Əliyevin üzərinə düşüb. Əgər Heydər Əliyev olmasaydı, Azərbaycan dövləti dağılar, xalq isə qaçqın vəziyyətinə düşərdi. Müasir dünyanın tarixində bu cür misallar çoxdur”. Diplomat Azərbaycan xalqının milli dəyərlərindən olan Heydər Əliyevin böyük şəxsiyyətinə göstərilən diqqətə görə Belarus hökumətinə, parlamentinə, Prezident Administrasiyasına və dövlət başçısı Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib. O, Azərbaycan ilə Belarus arasında dostluq münasibətlərinə diqqət çəkərək, bunu dövlətlərarası münasibətlərə nümunə olduğunu söyləyib.

Konfransda Belarus parlamentinin sədr müavini B.Pirştukun, xarici işlər nazirinin birinci müavini A.Yevdaçenkonun, “Belaya Rus” ictimai birliyinin rəhbəri G.Davıdkonun, Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyəti sədrinin birinci müavini S.Çijikin, MDB icraiyyə komitəsi sədrinin birinci müavini V.Quminskinin, Azərbaycan SSR-in Dövlət Təhlükəsizliyi Komitəsində işləmiş, Belarus Milli Təhlükəsizlik İnstitutunun professoru, polkovnik A.Şardakovun və digər məruzəçilərin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov çıxışında Rusiya ilə Azərbaycan arasında möhkəm dostluq münasibətlərinin təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu, hələ SSRİ dövründə Moskvada və ölkəsinin müxtəlif regionlarında Heydər Əliyev tərəfindən yaradılmış səhiyyə, mədəniyyət, sosial müəssisə və obyektlərin bu gün də xalqın xidmətində olduğunu böyük məmnuniyyətlə xatırlayıb.

Proqramda nəzərdə tutulan çıxışlardan əlavə, Gürcüstanın Belarusdakı səfiri V.Kvaratsxeliya və Belarusun Azərbaycandakı keçmiş səfiri N.Patskeviç çıxış ediblər.

Ötən əsrin 90-cı illərində Naxçıvandakı sovet ordu hissələrinə rəhbərlik etmiş və Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş general Rostislav Slaboşeviç ümummilli lider Heydər Əliyevin həmin illərdə ağır blokada şəraitində olan Naxçıvanı necə xilas etməsindən danışıb. Heydər Əliyev ilə iki il yarım birlikdə çalışdığını və həmin dövrdə dahi şəxsiyyətin uzaqgörənliyinin şahidi olduğunu vurğulayan natiq deyib ki, ən böyük arzusu Ulu Öndərin məzarını, eləcə də Bakını və Naxçıvanı ziyarət etməkdir.

Konfransa yekun vuran səfir L.Qəndilov tədbirin təşkilində göstərdikləri dəstəyə görə Belarus hökumətinə, parlamentinə, Prezident Administrasiyasına və Belarus Milli Kitabxanasına bir daha təşəkkürünü bildirib.

Tədbirin gedişi zamanı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı nümayiş etdirilən üç qısametrajlı film konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb. Konfransın materiallarının yaxın vaxtlarda ayrıca kitabda toplanaraq çap olunacağı planlaşdırılır.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə səfir Lətif Qəndilovun Belarusun əsas dövlət qəzeti olan “Sovetskaya Belarusiya” qəzetində “Гейдар Алиев: “Моим жизненным идеалом было служение народу” sərlövhəli məqaləsi dərc edilib.

növbəti xəbər əvvəlki xəbər