2017-04-01
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Belarusda anım mərasimi keçirilib

Azərbaycanın Belarusdakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitablar və materiallardan ibarət sərgi nümayiş etdirilib.

Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin üzvlərinin, səfirliyin əməkdaşlarının, Minskdə təhsil alan azərbaycanlı tələbələrin iştirak etdikləri mərasimdə səfir Lətif Qəndilov çıxış edərək XIX-XX əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı cinayətləri barədə məlumat verib. Bildirib ki, XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsinin nəticəsi olaraq Azərbaycan ərazisi iki hissəyə bölündükdən və Şimali Azərbaycan Rusiya İmperiyasına birləşdirildikdən sonra Rusiya bu torpaqlarda möhkəmlənmək məqsədi ilə erməniləri kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüb, nəticədə tarixi Azərbaycan torpaqlarında indiki Ermənistan dövləti yaradılıb. Səfir 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında danışaraq bildirib ki, bunun davamı olaraq bolşevik-daşnak birləşmələri 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və Qarabağ bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirilib, on minlərlə insanı evlərindən didərgin salıblar. O qeyd edib ki, ermənilər Sovet İttifaqının dövründə də xalqımıza qarşı soyqırımı siyasətini davam etdirib, 1948-1953-cü illərdə hazırkı Ermənistan ərazisindən 300 minə yaxın azərbaycanlının deportasiya olunmasına nail olub. 1988-1989-cu illərdə xalqımıza qarşı başlanmış hərbi təcavüz nəticəsində bir milyondan çox soydaşımızı Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər rayonlarımızdan zorla qovublar.

Səfir L.Qəndilov xalqımızın başına bu qədər fəlakətlərin gəlməsinin səbəbinin unutqanlığımız olduğunu bildirərək qeyd edib ki, beynəlmiləlçilik ideologiyası adı ilə xalqımızın qan yaddaşı unutdurulmuşdur. O, gələcəkdə bu fəlakətlərin təkrarlanmaması üçün ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanını böyük tarixi hadisə kimi qiymətləndirib.

Tədbirdə Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək soydaşlarımızı milli birliyə və vəhdətə çağırıb.

Daha sonra mərasim iştirakçıları xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonda mərasim iştirakçıları Özbəkistan kinematoqrafçıları tərəfindən çəkilmiş “Fərqanədən Qarabağadək” filminə baxıblar.

X X X

Qeyd edək ki, səfir L.Qəndilov Brest şəhərində səfərdə olub. O, Brest şəhərinin rəhbərliyi ilə görüşüb və tarixi Brest qalasını ziyarət edib. Görüşdə Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov və yerli Azərbaycan icmasının rəhbəri Oleq Xanbabayev iştirak ediblər.

Səfir L.Qəndilov Brestdə yerli Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirərək, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü yad edib. Tədbir zamanı iştirakçılara səfirliyin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı pres-reliz paylanıb. Səfirlik 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı pres-relizləri və “Fərqanədən Qarabağadək” filminin disklərini Belarusun Xarici İşlər Nazirliyinə və bu ölkədə fəaliyyət göstərən diplomatik korpusa göndərib.

növbəti xəbər əvvəlki xəbər