2018-05-07
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib

Azərbaycanın Belarusdakı səfirliyi Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhərində fəaliyyət göstərən “Qobustan” Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mayın 7-də Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında anım mərasimi keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə səfir Lətif Qəndilov çıxış edərək Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının böyük töhfə verdiyi bildirib. Qeyd olunub ki, Böyük Vətən müharibəsi zamanı 600 mindən artıq azərbaycanlı cəbhəyə gedib, onlardan 400 mini həlak olub və itkin düşüb. Böyük Vətən müharibəsində sovet hərbi texnikasının 90 faizi Azərbaycan neftinin hesabına hərəkət edib. Səfir təəssüflə bildirib ki, alman faşizmi üzərində Qələbəyə bu qədər töhfə vermiş Azərbaycanın bu gün 20 faiz torpağı erməni işğalı altındadır. Bu cür ikili standarta son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu gün dünyada mövcud çağırışlar və təhdidlər bu məsələnin tezliklə həll olunmasını tələb edir.

Səfir Belarusun alman faşistlərindən azad olunması uğrunda minlərlə azərbaycanlının həlak olduğunu qeyd edərək, bu döyüşlərdə iştirak edərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 8 azərbaycanlıdan birinin də Nəcəfqulu Rəfiyev olduğunu söyləyib. O deyib ki, N.Rəfiyev Belarusun Babruysk, Baranoviç, Minsk şəhərlərinin, Mogilyov vilayətinin bir sıra yaşayış məntəqələrinin işğalçılardan azad olunmasında böyük qəhrəmanlıqlar göstərib. Səfir gənc nəslin vətənpərvərlik ruhda tərbiyəsi üçün N.Rəfiyev kimi qəhrəmanların döyüş yolunun öyrənilməsinin və təbliğinin əhəmiyyətini vurğulayaraq, azərbaycanlı qəhrəmanların xatirəsinə göstərilən ehtirama görə Belarus xalqına minnətdarlığını bildirib.

Sonra MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski və Minsk şəhər Moskva rayonunun İcraiyyə Komitəsinin sədr müavini Vitali Brel çıxış edərək Belarusun alman faşistlərindən azad olunması uğrunda Azərbaycan xalqının qəhrəman oğullarının göstərdikləri şücaətə görə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra məktəblilərin ifasında Böyük Vətən müharibəsinə aid şeirlər səsləndirilib.

Tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin barelyefinin qarşısına çiçək dəstələri qoyublar.

Tədbirdən sonra ərazidə yerləşən 170 saylı orta məktəbin direktoru səfir Lətif Qəndilovla söhbətində məktəbə N.Rəfiyevin adının verilməsi üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq istədiklərini bildirib. Səfir məsələ ilə bağlı lazımi kömək göstərməyə hazır olduğunu bildirib.

Tədbirdə Qırğızıstanın, Moldovanın, Tacikistanın, Türkmənistanın Belarusdakı səfirləri və Rusiyanın MDB-dəki daimi nümayəndəsi iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər